İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.
“QİA.az” xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
O qeyd edib ki, bu gün dünyaya gələn zubr 2020-ci ildə ölkəyə gətirilmiş zubrlardan birinin balasıdır və bununla zubr balalarının sayı 4-ə çatıb: “Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub”.
Qeyd edək ki, İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılıb.