Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çərçivəsində İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının sədri Mir Rahman Rahmani ilə görüşüb.
“QİA.az”ın xəbərinə görə, görüşdə Milli Məclisin sədri Azərbaycan və əfqan xalqları arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib.
S.Qafarova qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İki ölkə arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb.
Parlamentin Spikeri 44 günlük Vətən müharibəsi dönəmində, eləcə də artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin bütün dövrlərində Əfqanıstanın Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləməsindən razılıqla danışıb. Qeyd edib ki, Əfqanıstanın dövlət strukturlarının, o cümlədən Milli Assambleyanın Ağsaqqallar Şurasının və Xalq Palatasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatları Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Sahibə Qafarova həmkarına və Əfqanıstan xalqına bu haqlı mövqeyə və dəstəyə görə minnətdarlığını ifadə edib.
Milli Məclisin Sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin qanunverici orqanlar səviyyəsində əlaqələrimizin inkişafı baxımından önəmini vurğulayıb.
Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri Mir Rahman Rahmani görüşdə bildirib ki, bu gün Əfqanıstanla Azərbaycan arasında siyasi münasibətlərlə yanaşı, həyatın digər sahələrində də əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır.
Parlamentlər səviyyəsində əlaqələrimiz də yüksələn xətlə inkişaf etməkdədir. Deputatların qarşılıqlı səfərləri, onların müxtəlif beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından önəmlidir. Qeyd edilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda nümayəndə heyətlərinin bir araya gəlməsi regional layihələrin reallaşmasına təkan verə bilər.
Söhbət zamanı beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlıq, parlamentlərarası əlaqələrin inkişafı, terrorizmə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılıb.