Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviçlə görüşüb.
Bu barədə QİA.AZ-a DGK-dan məlumat verilib.
Məlumata görə, görüşdə sədr Azərbaycan və Serbiya arasındakı münasibətlərdən məmnunluqla bəhs edib, gömrük orqanlarının da iki ölkənin iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində mühüm rola malik olduğunu vurğulayıb.
S.Mehdiyev son illər Prezident İlham Əliyevin gömrükdə apardığı islahatlar barədə səfiri məlumatlandırıb, Azərbaycanın dünyadakı ən mütərəqqi təcrübələrdən bəhrələnərək beynəlxalq ticarətin və tranzitin inkişafı, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi məqsədilə informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirdiyini bildirib. Xüsusilə, 2019-cu ildən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən bəhs edən sədr 700-dən çox biznes subyektinin bu sistemdən yararlandığını, 2020-ci ildə həyata keçirilən ümumi idxal-ixrac əməliyyatlarının, təxminən 8 milyard dollarlıq hissəsinin məhz bu sistemdən istifadə hüququ əldə edən sahibkarların payına düşdüyünü bildirib.
O da vurğulanıb ki, iki ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə atılacaq addımlar qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına da münbit şərait yaradacaq.
D.Vladisavljeviç ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla söhbət açıb, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və gömrük orqanlarının da bu istiqamətdə işgüzar və səmərəli əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.