Saltuk Düzyol: “İlk gün TAP ilə Avropaya 10,9 mln kubmetr qaz nəql edilib”

Yan14,2021
Saltuk Düzyol: “İlk gün TAP ilə Avropaya 10,9 mln kubmetr qaz nəql edilib”

“Tarixdə ilk dəfə olaraq Azərbaycan tǝbii qazı Trans-Anadolu Qaz Boru kəmərinin (TANAP) Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birləşmǝsi nəticəsində, yəni birbaşa bir boru kəməri vasitǝsilǝ Avropa bazarına ötürülür”.

“QİA.AZ” xəbər verir ki, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol Azərbaycan jurnalistləri ilə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihəmizdə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib: “Gələcəkdə layihənin artan töhfələrini, yaratdığı dəyərləri qürurla izləməyə davam edəcəyik”.

O bildirib ki, Türkiyə və Azərbaycanın enerji sektorundakı strateji ǝmǝkdaşlığının ən vacib layihələrindən biri olan TANAP-ın tamamlanmasının və TAP-ın hazır vǝziyyǝtǝ gǝtirilmǝsinin ardından Avropaya təbii qazın çatdırılmağa başlanıb: “Enerji sahəsində beynəlxalq işbirliyinin ən uğurlu layihələrindən biri olan, xüsusi ilə Avropa Birliyi üçün alternativ bir enerji dəhlizi yaratması baxımından strateji əhəmiyyətə malik TANAP layihəsi, planlaşdırılan qrafikə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin investisiyanın 45 %-nǝ qənaət olunaraq başa çatdırılıb. Bu sǝbǝbdǝn dǝ dünya miqyasında nümunǝvi layihǝlǝrdǝn biri olan TANAP vasitǝsilǝ 2020-ci ilin dekabr ayının sonu etibarilǝ Türkiyəyə nǝql edilǝn təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə çatıb.

100 %-lik bir səmərəliliklǝ fǝaliyǝtini davam etdirǝn layihəmiz ilǝ içindǝ yer aldığımız üçüncü tǝdarük ilindǝn başlayaraq istismar dövrünün sonunadǝk Türkiyǝyǝ hǝr il 6 milyard kubmetr, 2022-ci ildən etibarən də Avropaya hər il 10 milyard kubmetr tǝbii qaz tədarük etməyi hədəfləyirik. Beləliklə, ölkələrimizə və layihə paydaşlarımıza davamlı iqtisadi, sosial və mədəni sǝmǝrǝ verməyə davam edəcəyik”.

Xatırladaq ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Oxşar Xəbərlər