Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələnib

Apr9,2021

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində reydlər keçirib.

Bu barədə “QİA.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nəsimi rayonu ərazisində yerləşən mebel sexinin həyətində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə İmişli rayon sakini B.Cəfərov barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimələnib.

Aprelin 8-də keçirilən reydlər zamanı da Sumqayıt şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazilərində sənaye tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Sumqayıt şəhər sakini A.Məmmədov 500 manat, Gədəbəy rayon sakini T.Kazımov isə 8500 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər