Sentyabrın sonuna TANAP ilə Türkiyəyə 7 milyard kubmetr qaz nəql edilib

Bu ilin sentyabr ayının sonuna Trans-Anadolu Boru Qaz Kəməri (TANAP) ilə Türkiyəyə 7 milyard kubmetr təbii qaz tədarük edilib.

“QİA.AZ”In Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fath Dönməz bildirib.

Onun sözlərinə görə, illik 32 milyard kubmetr təbii qaz tədarükünü həyata keçirmək gücündə olan TANAP Cənub Qaz Dəhlizinin onurğa sütunudur: “Bu kəmərlə Türkiyəyə sentyabr ayının sonuna qədər təxminən 7 milyard kubmetr qaz tədarük həyata keçirilib”.

Türkiyəli nazir bildirib ki, TANAP-ın Avropaya qaz tədarük edəcək hissəsində işlər tamamlanıb: “Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsindən sonra Avropaya illik 10 milyard kubmetr Azərbaycan qazı tədarük ediləcək”.

Xatırladaq ki, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi, Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana aid olan “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və bu ilin sonundan etibarən Avropa bazarlarına da daşınması planlaşdırılıb.

Oxşar Xəbərlər