Dörd il davam edən rekord dərəcədə zəif yağıntıdan sonra İtaliya hökuməti may ayında payız yağış mövsümünə qədər ehtiyatları səmərəli idarə etmək üçün fövqəladə vəziyyət elan edib, lakin o vaxtdan bəri vəziyyət daha da pisləşib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın Siciliya adasında quraqlıq o qədər artıb ki, Kaltanissetta şəhərinin bir çox sakinləri artıq iki aydır ki, susuz yaşayırlar və bu da qeyri-qanuni fərdi su satıcılarına xeyli gəlir gətirib. Kaltanissettada səlahiyyətlilər ərazidən asılı olaraq həftədə bir neçə saat və ya iki həftədə bir dəfə müntəzəm su təchizatı təmin edirlər.
Mərkəzi Siciliyanın onlarla şəhərində su kartlarla verilir, buna görə də sakinlər sisternli avtomobillərə ümid etməyə məcbur olur ki, bu da ailələrə və müəssisələrə ayda orta hesabla 300 avroya başa gəlir. Lakin sisternli avtomobillərlə su təchizatı əhalinin sağlamlığı üçün potensial risklərə malikdir, çünki onların çoxu nəzarətsiz işləyir, keyfiyyətsiz mənbələrdən olan suyu çatdırır. Bu il Siciliyanın bir neçə şəhərinin səlahiyyətliləri çirkli su satdıqlarına görə vicdansız satıcıları minlərlə avro məbləğinə cərimələyiblər.
Xroniki su qıtlığı Siciliya sakinləri üçün yenilik deyil, onların çoxunun bu problemin öhdəsindən gəlmək məqsədilə evlərinin damında və ya yer altında su anbarları var. Lakin quraqlıq getdikcə daha uzunmüddətli olduğuna görə onlar kifayət etmir.
Daimi içməli su təchizatı tələb edən müəssisələr, məsələn, restoranlar tələbatın təklifi üstələməsi və qiymətlərin artması səbəbindən narazıdır. Bir çox sisternli avtomobil sahibləri vəziyyətdən istifadə edərək suyun çatdırılması üçün şişirdilmiş məbləğlər tələb edirlər. “Bu, şantaja bənzəyir”, – deyə Kaltanissettadakı restoran sahibləri qəzəblə bildirirlər.
Siciliyanın mülki müdafiə departamentinin direktoru Salvatore Koçinanın sözlərinə görə, ada yeni su mənbələri axtarır və tərk edilmiş quyuları təmir edir, lakin vəziyyət o qədər gərgindir ki, müstəsna hallarda şəhər merləri öz səlahiyyətlərindən istifadə edərək quyu sahiblərini öz qiymətli sularını könüllü şəkildə bölüşməyə razı salmağa çalışmalıdırlar. Koçina feysbuk hesabında onların səxavətinin mükafatlandırılacağını yazıb.