Türkiyədə keçirilmiş prezident seçkilərində “Ata İttifaqı”nın namizədi olan Sinan Oğan seçkilərin ikinci turunda indiki Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini açıqlayıb.
QİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinan Oğan bu barədə Ankarada keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Atatürkçü və milliyyətçi prinsiplərimiz çərçivəsində heç bir şəxsi gözləntimiz olmadan aldığımız bu qərarın böyük Türk millətinə və Türkiyə Cümhuriyyətinə xeyirli olmasını arzu edirəm”,-deyə Oğan vurğulayıb.
O bildirib ki, Millət İttifaqı 20 ildir hakimiyyətdə olan “Cümhur İttifaqı”na qarşı kifayət qədər uğur göstərə, onları gələcəyə inandıracaq perspektiv təqdim edə və ən əsası parlament çoxluğunu təmin edə bilməyib: “Aydın məsələdir ki, bizə qarşı bazarlıq iddiaları irəli sürənlər bizi tanımır. Bizim yanaşmamız tamamilə prinsiplər çərçivəsində olub. Qərarımızın təməlində özümüz üçün deyil, millətimiz lehinə qazanclar əsas götürülüb. Danışıqlar və məsləhətləşmələr nəticəsində seçkilərin ikinci turunda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyimizi bəyan edir və birinci turda bizə səs verən seçicilərimizi ll turda cənab Ərdoğanı dəstəkləməyə dəvət edirəm”.
Sinan Oğan “Ata İttifaqı”nın tərkib hissəsi olan partiyalara və onların seçicilərinə təşəkkür edib: “Bizə 111 min 506 imza verərək yarışın bir parçası olmağımıza səbəb olan bütün vətəndaşlarımıza təşəkkür edirəm”.
Qeyd edək ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ll turu mayın 28-də keçiriləcək.