Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlament sədri Zorlu Töre Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xalqlarının yaxınlaşması üçün vahid əlifbanın qəbul edilməsinin zəruriliyini bəyan edib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, müvafiq təklifi Töre Lefkoşada Türkiyənin Kastamonu Universitetinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.
O xatırladıb ki, ŞKTC və Türkiyəni digərləri ilə yanaşı dil və əlifba birləşdirir. “Ümid edirəm ki, tezliklə bu cür körpüləri biz digər türk dövlətləri ilə də quracağıq”, – deyə Töre bildirib.
Parlament spikeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında konsolidasiya və birlik haqqında bəyanatlarını ümidverici adlandırıb.
“Türk dövlətlərinin bir hissəsi artıq ŞKTC-də istifadə edilən əlifbaya keçib. Bu, bizim ölkələrimizi birləşdirən vacib amildir. Bu istiqamətdəki səylər sürətləndirilməlidir, o cümlədən ictimai təşkilatlar səviyyəsində”, – deyə o qeyd edib.