ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel mayın 21-də Lefkoşada Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının baş ombudsmanı Şeref Malkoç ilə görüşüb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün əvvəlində Baş nazir ŞKTR ombudsmanı İlkan Varolun dəvəti ilə Lefkoşaya səfər edən qonaqları salamlayıb.

Ü.Üstel üç qardaş ölkənin bütün platformalarda, o cümlədən insan hüquqları üzrə ombudsman təsisatı çərçivəsində səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. “ŞKTR, Türkiyə və Azərbaycan “Bir millət, üç dövlət” prinsipi ruhunda hərəkət etməlidir”, – deyə Baş nazir qeyd edib.

Hökumət başçısı BMT tribunasından ŞKTR-in beynəlxalq səviyyədə tanınmasına çağıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini yüksək qiymətləndirib.

Siyasətçi Türk Dövlətləri Təşkilatının ŞKTR-ə müşahidəçi ölkə statusu verilməsi ilə bağlı qərarının əhəmiyyətini də qeyd edib.

Eyni zamanda, Üstel Azərbaycana son səfəri ilə bağlı təəssüratlarını bölüşüb və iyunun 12-də respublikanın siyasi partiyalarından birinin dəvəti ilə yenidən Bakıya səfər edəcəyini bildirib.

ŞKTR-in Baş naziri Kipr türklərinin hüquqlarının dəstəklənməsi istiqamətində səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına təşəkkür edib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva qeyd edib ki, türk xalqlarının yolu birlikdən keçir. “Türk dövlətləri birlikdə güclü olurlar”, – deyən S.Əliyeva ŞKTR sakinlərinin maraqlarını qorumağa hazır olduğunu bildirib.

Oxşar Xəbərlər