SOCAR, “AzerGold”, AXDG və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” İnvestisiya Holdinqinin idarəetməsinə verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev noyabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.

QİA.AZ-ın məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda göstərilən aşağıdakı dövlət müəssisələri ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin:

1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

1.2. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti;

1.3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti;

1.4. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər”.

Oxşar Xəbərlər