Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan inşaat və moderinizasiya işlərinin hazırkı mərhələsi yekunlaşmaq üzrədir.
“QİA.AZ“ın SOCAR-a istinadən verdiyi məlumata görə, artıq bir sıra qurğularda, ümumi zavod instrastrukturu və xəttlərində ilkin sazlama işlərinə start verilmiş, istismara buraxılması nəzərdə tutulan boruların təmizlənməsinə başlanılıb. Bu əməliyyatlar sıxılmış hava ilə aparılır və bəzən 4-5 atmosfer təzyiqə yüksəlmiş hava anidən borudan kənara buraxılaraq yüksək səs və gurultu yaradır. Bəzi hallarda isə daha yüksək – partlayışa bənzər səslərin eşidilməsi qaçılmaz olacaqdır. Bu işlərin 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.
Eyni zamanda 2022-ci ilin yanvar ayının ortalarından aprel ayının sonuna qədər bəzi xəttlər yüksək təzyiqli su buxarı ilə təmizlənəcək. Bu əməliyyat zamanı isə xəttlərə səs boğucular yerləşdirilcəkdir. Lakin səs boğucuları patlayışa bənzər yüksək səslərin azaldılmasına və tam aradan qaldırılmasına yetməyə bilər. Bildiririk ki, bu əməliyyatlar Neft Emalı Zavodunun ərazisi yaxınlığında hərəkət edən insanlar üçün hər hansı təhlükə yaratmır. Odur ki, əməliyyatlar nəticəsində əmələ gələn yüksək səsləri eşidən insanları təşvişə düşməməyə çağırırıq. Müvəqqəti narahatlığa görə, Heydər Əliyev adına NEZ-in yaxınlığında hərəkət edən və çalışan insanlardan üzr istəyirik.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır. Qrafikə əsasən NEZ-də “Avro-5” tələblərinə cavab verən dizel yanacağı istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı mərhələdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Moderinizasiya və yenidənqurma işləri paytaxtın ekoloji mühitinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək.