SOCAR Ukrayna Müdafiə Nazirliyinə dizel yanacağı satacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub.

“QİA.AZ”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukraynanın Müdafiə Nazirliyi noyabrın 4-də 6,5 min ton arktika markalı dizel yanacağının alınması üzrə tenderin nəticələrini elan edib.

Tenderin qalibləri “Lüks-Kraina” və “SOCAR Ukraine” şirkətləri olub.

İki lot üzrə keçiriləcək tenderin birinci lotunun qalibi “Lüks-Kraina” şirkəti olub. Şirkət qiyməti hər ton üçün 21 351 qrivna təşkil edən 3 min ton dizel yanacağı alacaq. SOCAR isə ikinci lotun qalibi olub və hər ton üçün qiyməti 21 500 qrivna təşkil edən 3 500 ton dizel yanacağı alacaq.

Həmçinin tenderdə “Qlusko Ukrayna”, “Ukrtatnafta”, “Fraqranta” və “Alyans Enerqo Treyd” şirkətləri də iştirak ediblər. Resursun son tədarük müddəti 2020-ci ilin 10 dekabrdır.

Qeyd edək ki, 2019-cu ildə SOCAR Ukrayna Müdafiə Nazirliyi üçün 13,5 min ton yanacaq tədarük edib.

Oxşar Xəbərlər