“Son dövrlərdə hidrogen istehsalı texnologiyalarının tətbiqi daha da aktuallaşıb və bir çox nüfuzlu mənbələr tərəfindən hidrogen gələcəyin enerjisi kimi dəyərləndirilir. Hidrogendən geniş istifadənin tətbiqinə qədər, yaxın və orta dövrdə hidrogen və metan qarışığının istifadəsi daha çox perspektivli görünür”.
Bunu “QİA.AZ”ın sorğusuna cavab olaraq Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.
C.Mikayılovun sözlərinə görə, hazırda Avropada hidrogen qazından istifadənin stimullaşdırılması siyasəti prioritet istiqamətlərdən biri hesab edilir:
“Qeyd olunan tendensiyalar ölkəmizdə də izlənilməkdədir. Qısa müddətli dövr üçün bu istiqamət üzrə proqramın hazırlanması nəzərdə tutulmur”.
Nazirlik sözçüsü qeyd edib ki, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə hidrogenin ötürülməsi imkanları araşdırılır:
“TAP konsorsiumu Trans-Adriatik Boru Kəməri ilə hidrogen qazının ötürülməsi imkanlarına dair artıq texniki araşdırmalara başlayıb və bu istiqamətdə növbəti ildə ilkin qiymətləndirmənin aparılması planlaşdırılır. Bu araşdırmaların nəticələrindən asılı olaraq daha dəqiq fikirlər demək mümkün olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevral ayında İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan İtaliyanın “Snam” şirkəti arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə əsasən hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması da nəzərdə tutulub”.