Somalinin paytaxtı Moqadişoda ölkənin Müdafiə Qüvvələri rəhbərinin müavini, general Abas Amin Əliyə sui-qəsd cəhdi zamanı azı 2 nəfər həlak olub.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Somali Guardian” xəbərlər portalı bildirib.
Qeyd edilir ki, general özü hadisə zamanı sağ qalıb.
Hadisə şəhərin mərkəzi küçələrindən birində olub. Ölkənin Müdafiə Qüvvələri rəhbərinin müavininin olduğu avtomobilin yaxınlığında əldəqayrılma bomba partladılıb. Nəticədə generalın iki mühafizəçisi həlak olub, həmçinin daha biri yaralanıb.
Moqadişoda bir neçə saat sonra daha bir güclü partlayış olub. “Dalsan” radiostansiyasının məlumatına görə, paytaxt rayonlarından birinin rəhbəri Əhməd Abdullah Arifin avtomobili hərəkətdə olarkən əldəqayrılma bomba partladılıb. Radio şahidlərə istinadən çoxsaylı yaralıların olduğunu bildirib. Lakin məmurun xəsarət alıb-almadığı bildirilmir.