Şotlandiyada yaşayan azərbaycanlı yüksək mükafata layiq görülüb

Şotlandiyanın Aberden şəhərində yaşayan gənc soydaşımız Aliyə Orucova Aberden Beynəlxalq Məktəbinin “Academic Excellence” mükafatına layiq görülüb.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Mürəkkəb proqramın tədris olunduğu yuxarı sinifdə təhsil alan yeganə azərbaycanlı olan Aliyə Orucova bu mükafata bütün fənlər üzrə yüksək qiymət aldığına və riyaziyyatın öyrənilməsində irəliləyiş əldə etdiyinə görə layiq görülüb.
Qeyd edək ki, bu, Aliyə Orucovanın yeganə uğuru deyil. İlin əvvəlində o, məktəbli həmkarı Eloiza Reydlə birlikdə Şotlandiyanın rəqəmsal texnologiyalar sektorundakı gender bərabərliyinə həsr olunmuş milli müsabiqədə qalib gəlib. “ADA festivalı” XIX əsrin ilk riyaziyyatçılarından olan Ada Lavleysə həsr olunub və informatika təhsili sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilib.
Xatırladaq ki, Aliyə Orucova rəssam soydaşımız Leyla Orucovanın qızıdır.

Oxşar Xəbərlər