Son dövrlərdə stomatoloji klinikalar vasitəsilə yoluxucu xəstəliklərin, xüsusən də hepatit B və Hepatit C-nin yayılması halları artıb.
QİA.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Qeyd edilib ki, viral hepatitlər hazırda qlobal olaraq geniş yayılıb: “Hepatit B və C infeksion virus xəstəlikdir, yoluxma zamanı qaraciyər zədələnir və qaraciyər iltihabını – hepatit əmələ gətirir. Əksər hallarda simptomlar müşahidə olunmur, lakin sonrakı gedişatda qaraciyərin strukturunun geridönməz dəyişilməsi və zədələnməsi – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit “C” virusu yayılmış altı növ (RNT tərkibli viruslar – A, B, C, D, E, G) hepatit viruslarından biridir və Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun rəqəmlə ifadə olunan altı əsas genotipi (genotip 1 və s.) mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, dünya əhalisinin ən azı 4%-i bu virusa yoluxub”.
Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Esmira Əkbərovanın sözlərinə görə, xəstəliyin yayılmasının əsas yolu xəstə insanın qanı ilə təmas, viruslu xəstənin qan və qan preparatlarının sağlam şəxsin qanına daxil olmasıdır: “Hepatit C-yə yoluxmuş insanların istifadə etdikləri dırnaq qayçısı, təraş bıçağı, diş fırçası kimi fərdi vasitələr də xəstəliyin əsas yayılma yollarındandır. Həmçinin, virusa steril olmayan diş poliklinikalarında, bərbərxanalarda, qadın kosmetoloji salonlarında yoluxma ehtimalı var. Stomatoloji müayinə və müalicə prosedurları zamanı alət və vasitələr sterilizasiya olunmadan və ya lazımi sterilizasiya olunmadan bütün xəstələr üçün istifadə edilərsə, Hepatit B və C virusuna yoluxma halı baş verə bilər. Virusdan qorunmaq üçün hər kəs həkim və proseduru edən mütəxəssislərdən (bərbər, kosmetoloq) bu qaydalara riayət etmələrini tələb etməlidir”.
Qurum rəsmisi onu da əlavə edib ki, hazırda Səhiyyə Nazirliyinin Analitik Ekpsertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin prioritet məsələlərindən biri də virus hepatitlərin ölkəmizdə yuxarıda göstərilən yoluxma riski olan yollarının qarşısının alınmasıdır:
“Bu məqsədlə Tibbi Nəzarət şöbəsində öncədən təsdiq olunmuş plan üzrə özəl tibb müəssisələrində (stomatoloji klinikalar, ambulator və stasionar tibb xidməti göstərən klinikalar) aparılan planlı və plandankənar (növbədənkənar) yoxlamalar zamanı digər tədbirlər ilə birlikdə yoluxucu xəstəliklər olan virus hepatitlərinin yoluxma yollarının qarşısının alınması xüsusi nəzarətdə saxlanılır. Aşkar olunmuş müxtəlif nöqsanlar müalicə və diaqnostika işinin təşkili, heyətin qaydalara riayət etməsini, lazımi ləvazimatların olub-olmamasına aid olur və qayda pozuntularına görə inzibati tənbeh tədbirləri görülərək maarifləndirici işlər aparılır”.