Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşkilatçılığı ilə Strasburq şəhərində “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində aksiya keçirilib.
Azərbayan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, şəhərin Kleber meydanında baş tutan aksiyada ölkənin Qərb bölgəsində fəaliyyət göstərən azərbaycanlı icması iştirak edib. Aksiya zamanı meydanda Xocalıda həlak olanlar barədə məlumatın əks olunduğu banner qoyulub, şamlar vasitəsilə “Xocalı – 613” sözü qurulub. Əllərində “Xocalıya ədalət!” yazılmış plakatlar tutmuş və Azərbaycan bayrağına bürünmüş gənclər Xocalı soyqırımı barədə fransız dilində hazırlanmış broşurları yerli sakinlərə paylayıblar. Plakatlarda Xocalı soyqırımı barədə ətraflı məlumat almaq üçün “justiceforkhojaly.org” saytının adı və sayta keçid üçün QR-kodu da göstərilib.