“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Sumqayıt” yedək-təchizat gəmisi əsaslı təmir olunub.
Bu barədə “QİA.az”a ASCO-dan məlumat verilib.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin mexanizmləri, boru sistemləri, elektrik mühərrikləri və idarəetmə sistemləri təmir edilib.
Heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.
Gəmi tərsanəyə qaldırılaraq avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğularının təmiri aparılıb. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.
Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb, “Sumqayıt” istismara qaytarılıb.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ