Sur-Süleymanlı və Daşbaşı əməliyyatlarında şəhid olan qəhrəmanların xatirələri anılıb

Bu gün 1993-cü ildə Sur-Süleymanlı və Daşbaşı əməliyyatlarında qəhrəmancasına şəhid olan döyüşçülərimiz Elçin Abdullayev və Rövşən Şəmilovun anım günüdür.

QİA.AZ” xəbər verir ki, şəhidlərin yaxınları, dostları və ictimaiyyət nümayəndələri toplaşaraq hər iki şəhidin xatirəsini anıblar.

Cəbrayıl rayonun Qumxal kəndindən olan Elçin Abdullayevin xatirəsi Sumqayıtda məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeyd olunub.

Tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.

Çıxışlarda Elçin Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışılıb. Onun keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, tədbirin gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyəti yüksək qiymətləndirilib.

1993-cü ildə keçirilən Daşbaşı əməliyyatında şəhidlik zirvəsinə ucalan əslən Cəbrayıl rayonun Qumxal kənd sakini Rövşən Şəmilovin xatirəsi isə Abşeron rayonunun Qobu kəndində yad edilib. Belə igid və qəhrəman övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlıq bildirilib. Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rövşən Şəmilovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı qeyd edilib. Vurğulanıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini zəfərlə başa vurub, 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edib.

Qeyd olunub ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytarıb

Oxşar Xəbərlər