Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi Misir mətbuatında da işıqlandırılıb

Yan 6, 2021

QİA.AZ xəbər verir ki, Misirin “Aldiplomasy” və “Əl Ğad” informasiya portallarında Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması haqqında məqalə yayılıb.

“Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin yanvarın 5-də etdiyi çıxışa geniş yer verilib. Yazıda Qarabağın incisi kimi təqdim edilən Şuşa şəhərinin 1992-ci ildə Ermənistan tərəfindən işğal edildiyi və ötən il noyabrın 8-də düşmən tapdağından azad olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bu qədim şəhər Azərbaycan tarixində və mədəniyyətində rəmzi məna daşıyır, tanınmış azərbaycanlı musiqiçilərin və görkəmli elm-mədəniyyət xadimlərinin yurdudur.

Məqalədə erməni işğalı dövründə Şuşaya vurulmuş maddi-mənəvi ziyana diqqət çəkilib. Bu qədim şəhərin təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzi olduğu bildirilib. Bununla bağlı Azərbaycan Prezidentinin fikirlərindən sitat gətirilən yazıda qeyd edilib ki, dövlət başçısı Şuşada yaşayış fondunun, tarixi abidələrin təftişinin aparılması, vurulmuş ziyanın dəqiq hesablanması və restavrasiya işlərinə başlanması barədə göstəriş verib. Prezident, eyni zamanda, şəhərin ilkin və tarixi simasının bərpa edilməli olduğunu da vurğulayıb.

Məqalənin sonunda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev yeni təyin olunmuş mədəniyyət nazirinə Şuşa şəhərində musiqi festivalı və poeziya günlərinin keçirilməsinə dair tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Oxşar Xəbərlər