Şuşa – zülmətdən işığa

Ulu Öndər Heydər Əliyev haqlı olaraq demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ.Əliyev cəmi 44 günə qazanılan tarixi zəfərimizlə bütün dünyaya nümayiş etdirdi ki, Şuşa üçün bütün çətinlikləri göz önünə alardıq, aldıq da. Şuşanı xüsusi strateji planla qəhrəmanlarımız qayalardan dırmanaraq azadlığa qovuşdurdu. Prezident İ.Əliyev 2022 – ci ili “Şuşa ili” elan etdi. Bununla da Şuşanın tarixiliyi, qədimliyi, bizim üçün özəl olmasını bir daha dünyaya göstərdi. Dövlət başçısının bu ili “Şuşa ili” elan etməsi kiçikdən – böyüyə hərkəsin ürəyincə olub. Belə bir qərarın qəbul edilməsi isə Şuşa tarixinin dünyaya tanıdılmasında müstəsna rol oynayacaq, Azərbaycan mədəniyyəti dünyada daha geniş şəkildə təbliğ olunacaq. Şuşa ilimiz uğurlu olsun!
Şuşa sadəcə torpaq, coğrafi anlam deyil. Azərbaycan xalqının qüruru, mənliyi və şərəfidir. Şuşa qaladır. 30 ilin tarixi, həsrəti, fəxarəti, zəfərimizdir Şuşa. Xurşidbanu Natəvanın muzeyi, Vaqif məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü, mədəniyyətimizin beşiyi, 2022 – ci ilin özüdür Şuşa. Bu il azad Şuşamızın ilidir. O Şuşa ki, 28 il əsarətdə qalaraq çox əziyyətlər gördü, talandı, dağıdıldı, vəhşi münasibət bəsləndi, amma sınmadı. Qürurunu, tarixi simasını qoruyub saxlaya bildi. Təkcə Qarabağ xanlığının deyil, bütün Türk dünyasının paytaxtı, mənəviyyat beşiyi olan Şuşa bugün dirçəlir, yenidən doğulur, özünün yeni intibah dövrünü yaşayır. Bu il 270 yaşını qeyd edir əziz şəhərimiz.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin təməlini 1752 – ci ildə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulub və ilk başlarda şəhəri Şuşa adı ilə yanaşı, Xanın şərəfinə Pənahabad da adlandırıblar.
XVIII əsrin II yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün məşhur xalçası, ipəyi, Çini qabları ilə dünya miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdır. Həmin dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı, 17 məhəllə var idi ki, hər birinin məscidi, bulağı və hamamı mövcud idi. Şuşanın dillərdə gəzən şöhrəti, hətta o zamanlar başqa ölkələrə də gedib çıxmışdı. 1873 – cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşadan gələn nümayəndələr də iştirak edib və onların sərgilədikləri eksponatlar xaricilərdə də dərin maraq oyadıb.
Vaxtilə kiçik Paris, Qafqazın sənəd məbədi, Azərbaycan musiqisinin beşiyi və Zaqafqaziyanın Konservatoriyası adlandırılan şəhər daim mənfur qonşumuz olan Ermənistanın çirkin planının hədəfində olub və 1992 – ci ildə Azərbaycanda olan ictimai – siyasi pərakəndəlikdən istifadə edən Ermənistan Silahlı Birləşmələri şəhəri işğal edir. Şuşa faciəsi Azərbaycan xalqının psixologiyasında dərin depressiya yaratmışdır. Milli qürurumuza, ləyaqətimizə ağır, sarsıdıcı zərbələr endirir. Bu depressiyadan çıxmaq üçün bizə təxminən 30 il vaxt lazım oldu.
İ.Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəyə başlayır. Mübarizə yolu isə heç də asan deyildi. Bu İ.Əliyevə vaxt, enerji, diplomatik hövsələ, müxtəlif meydanlarda, həm siyasi arenalarda, həm də informasiya cəbhəsində aparılan gərgin mübarizə bahasına başa gəlirdi. Bu mübarizənin sonu isə əlbəttə aydınlıq olmalı idi.
Şuşanın işğaldan azad olunması uğrunda Azərbaycanın Müzəffər Ali Baş Komandanı və əsgərinin həyata keçirdiyi əməliyyat isə tarixdə əbədi qalacaq. Qarabağın tacı olan şəhər təbii istehkam olduğundan ora hərbi texnika yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Ona sahib olmağın iki variantı var idi. Ya şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək, ya da əlbəyaxa döyüş taktikasından istifadə etmək. Şəhərdə olan tarixi abidələri qorumaq üçün komandanlıq birinci variantı seçmədi və alternativ varianta üstünlük verdi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Azadlığın ikinci ilini yaşayan Şuşamızda böyük işlər həyata keçirilir. Bu işlər Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır. Biz həmdə dünyaya sübut etməliyik ki, vəhşilərin dağıtdığı, məhv etdiyi hər şeyi sıradan çıxartdığı bir məkana, mədəni dirçəlişlə gəlirik və əmin ola bilərik ki, bu 2022 – ci il Şuşanın bərpası, dirçəlişi üçün həlledici işlərin görülməsi ilə yaddaşlarda qalacaq. 2022 – ci ildə davam ediləcək quruculuq işləri isə müasir dövrün Şuşasına əvvəlki əzəmətini qaytarmaqla yanaşı, daha da füsunkar şəhərə çevirəcək. Artıq Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhəsi quraşdırılıb, abidələrin elektron xəritələri hazırlanıb. 2021 – ci ildən başlanılan “Abidələrin yenidən qurulması işi” çərçivəsində Şuşada 3 məscid, 2 kilsənin bərpası davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən işlər üçün bu il dövlət büdcəsindən də əlavə vəsait ayrılacaq.
Ali Baş Komandan İ.Əliyevin dediyi kimi, Şuşasız bizim işimiz yarımçıq qalardı. Nə xoş bizə ki, illər sonra düşmən tapdağından azad olan Şuşa öz sahibləriylə il dönümünü qeyd edəcək. Şuşalı ilimiz, Şuşalı əbədi illərimiz mübarək!


Şəbnəm Əliyeva
Naxçıvan Müəllimlər İnstitutu

Oxşar Xəbərlər