Şuşada iyulun 20-22-də II Qlobal Media Forumu keçiriləcək.
QİA.az xəbər verir ki, forumun mövzusu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” olacaq.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.
Xatırladaq ki, I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.