Şuşada kütləvi məzarlıq aşkarlanıb-FOTO

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

Kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var: “Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlıq var. Hazırda Dövlət Komissiyası bununla bağlı araşdırma işləri ilə məşğul olur. Şuşa şəhəri işğal olunarkən əsir və girov götürülmüş Azərbaycan vətəndaşları burada qeyri-insani şəraitdə saxlanılıb. Onlara qarşı çoxsaylı beynəlxalq cinayət hadisələri, humanitar normaların pozulması faktları məlumdur. Burada bizim apardığımız təhlillərə görə, işğal dövründə 360 azərbaycanlı əsir və girov saxlanılıb. 216 nəfəri Dövlət Komissiyası tərəfindən aparılmış danışıqlar nəticəsində azad etmişik. Amma digərlərinin taleyi bu günə qədər məlum deyil. Güman edirik ki, aşkar olunan yeni meyit qalıqları axtardığımız şəxslərə aiddir”.

Eldar Səmədov bildirib ki, Şuşada yeni aşkarlanan məzarlıqda 4 nəfərə aid meyit qalığı müəyyən edilib.

“Şuşada kütləvi məzarlıqla bağlı axtarış və araşdırma işlərini davam etdirəcəyik. Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə buraya ayrıca mütəxəssis qrupu göndəriləcək və qazıntı işləri davam etdiriləcək”,-deyə Eldar Səmədov qeyd edib.

Oxşar Xəbərlər