Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, sərgidə ABŞ-da doğulan və yaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi yağlı boya ilə çəkilmiş əsərləri nümayiş etdirilib.
Sərginin açılış mərasimində yerli ictimaiyyət nümayəndələri, Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tural Gəncəliyev Şuşada keçirilən sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndəsi Elmira Əliyeva isə bildirib ki, bənzər tədbirlər Azərbaycan-ABŞ arasında mədəni körpü rolunu oynayır. İştirakçılar xalqımız və dünya azərbaycanlıları üçün müqəddəs şəhər sayılan Şuşada olduqlarından qürur hissi keçirdiklərini vurğulayıblar.
Gənc rəssam Şuşanın işğaldan azad olunmasına həsr etdiyi “Şuşa, sən azadsan!” adlı rəsm əsərini mədəniyyət paytaxtının rəsmi nümayəndəliyinə hədiyyə edib.