Heydər Əliyev Fondu Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır.
QİA.AZ xəbər verir ki, hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb. Belə ki, Yuxarı Gövhər Ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri dağıdılıb. Məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun dəyişdirilir. Məscidin ərazisindəki dağıdılmış mədrəsə də bərpa edilir.
İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər Ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.
Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistanın işğalı altında olan zamanı xarabalığa çevrilib, dağıntıya məruz qalıb. Ekspertlər hazırda Saatlı məscidində də mövcud vəziyyəti araşdırır.
Qiymətləndirmənin yekununa uyğun olaraq Aşağı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılacaq.