Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları açıqlanıb.
“QİA.az”ın məlumatına görə,Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.
Fond əhaliyə birbaşa təhsil tələbə kreditlərinin verilməsi ilə məşğul olmur.
Nizamnamə ilə müəyyən edilən fəaliyyət məqsədinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:
– təhsil tələbə kreditlərinin verilməsini təşkil etmək;
– Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq təhsil tələbə krediti üçün müraciət etmiş tələbələrə kredit ayrılması barədə qərar qəbul etmək;
– təhsil tələbə kreditinin maliyyələşdirilməsi məqsədilə müvəkkil bankla müqavilə bağlamaq və tələb olunan vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə müvəkkil banka köçürmək;
– “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” altsisteminin fəaliyyətini təmin etmək;
– təhsil tələbə kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması üçün tədbirlər görmək;
– Fondun fəaliyyətində riskləri azaltmaq məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırmaq və tətbiqini təmin etmək;
– mülkiyyətindəki (balansındakı) əmlakdan səmərəli istifadə olunmasını təmin etmək;
– qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətində elmi-texniki nailiyyətləri tətbiq etmək;
– Fonda ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
– dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
– öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və həmin informasiyanın daim yenilənməsini təmin etmək;
– Fondda kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
– strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
– fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
– malların (işlərin və xidmətlərin) satın alınması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;
– fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş tədbirlər görmək;
– bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Fondun aşağıdakı hüquqları var:
– fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək;
– müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
– beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
– fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
– dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
– fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq və təkliflər vermək;
– fəaliyyət məqsədinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
– bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.