“Böyük Qayıdış artıq başlayıb. Mən 100 faiz əminəm ki, oradakı dağıdılmış şəhərlər, kəndlərimiz ən yüksək səviyyədə bərpa olunacaq, əvvəlkindən də gözəl olacaq”.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib.
İstənilən şəhər və kəndləri gözəlləşdirən onun doğma sakinləri olduğunu bildirən istedadlı aktyor ulu öndər Heydər Əliyevə verdiyi sözünü tutaraq Şuşada konsert vermək istəyini dilə gətirib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.