Parisdə “Taksi” komediya filmindən tanınan “Peugeot 406″nın ən dəqiq surəti icarəyə veriləcək.
QİA.az motor.ru-ya istinadən xəbər verir ki, avtomobili yalnız sürücü ilə birlikdə icarəyə götürmək mümkündür. Xidmətin qiyməti saatda 90 avro (təxminən 170 manat) və ya gündə 400 avro (təxminən 757 manat) təşkil edir.
Məlumata görə, icarə zonasına bütün Fransa və qonşu ölkələr – Belçika, İsveçrə, Almaniya daxildir.
İddia olunur ki, bu, “Peugeot 406″nın “Taksi” filmindən dəqiq surətidir: ağ korpuslu 1998-ci il modeli, 194 at gücünə malik üç litrlik altılı mühərriki və beş pilləli mexaniki transmissiya ilə təchiz edilib.
Sedan 17 düymlük “TSW Imola” diskləri, ön splitter və arxa spoyler, həmçinin elektrik tənzimlənməsi olan boz dəri oturacaqlarla təchiz edilib. Damda işıqlandırılmış “Taxi Marseille” işarəsi quraşdırılıb. Avtomobildə həmçinin, filmdəki “724 LNB 13” kombinasiyalı dövlət nömrə nişanı da var.
Qeyd olunur ki, 1999-cu ildə “Peugeot” restayllı “406” modelini təqdim edib və blokbasterin 2000 və 2003-cü illərdə buraxılmış sonrakı hissələrində sedanın yenilənmiş versiyası çəkilib. Dördüncü və beşinci hissələrdə (2007 və 2018-ci illərdə) isə “Peugeot 407” modelindən istifadə olunub.