Tanınmış tarixçi, şair, şərqşünas və tərcüməçi Şahin Fazil dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Tarix və Etnologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, professor 85 yaşında vəfat edib.
Qeyd edək ki, tarix elmləri doktoru Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-cı ildə anadan olub.
1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub və 1964-cü ildə fərqlənmə diplomu ilə məzun olub. 1963-1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966-1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968-1970-ci illərdə yenidən Əfqanıstanda tərcüməçi vəzifəsində çalışıb. 1970-1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. 1974-1978-ci illərdə Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsində elmi işçi, 1978-1982-ci illərdə üçüncü dəfə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərib. 1983-1985-ci illərdə institutun baş elmi işçisi olub, 1985-1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi kimi fəaliyyətini davam etdirib.
O, 200-dən çox elmi əsərin müəllifi idi. 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.