Tarixdə bu gün – 25 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1950-ci ilin bu günü Koreya müharibəsi başladı. Beləliklə, Sovet İttifaqı və Çin tərəfindən dəstəklənən Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə “Soyuq müharibə” dövrünün ilk isti toqquşması yarandı.

  Şimali Koreya qoşunları 3 gün içində Cənubi Koreyanın paytaxtı Seulu tutdu. ABŞ-ın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatı Ordusu işə müdaxilə edincə müharibə 3 il davam etdi.  

***

  1959-cu il iyunun 25-də Moskvada Sovet hökumətinin başçısı Nikita Xruşşov və ABŞ-ın o zamankı vitse-prezidenti Riçard NiksonSSRİ-də ilk dəfə Amerika Milli Sərgisini açdılar.

  Amerikalılar sərgiyə gələnlərə döş nişanları, parlaq plastik paketlər bağışlayır, “Pepsi Cola”ya qonaq edirdilər.

  Sərgidə Nikita Xruşşova da “Pepsi Cola” təqdim olunmuşdu. Ertəsi gün əlində bu içki stəkanı olan Xruşşovun şəkli bütün xarici mətbuat səhifələrində yayılmışdı.  

*** 

  25 iyun 1992-ci ildə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması barədə İstanbul bəyannaməsi imzalandı. Azərbaycan 1993-cü ildən həmin təşkilatın üzvüdür.  

*** 

  1993-cü ilin 25 iyununda Türkiyənin ilk qadın baş naziri seçildi. DYP sədri Tansu Çiller baş nazir olduqdan sonra ölkə prezidenti Süleyman Dəmirəl hökuməti təşkil etməyi ona tapşırdı. Beləliklə, Türkiyədə DYP və SHP koalisiya hökuməti quruldu.

***

25 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün dahi Şərq alimi, ensiklopedik biliyə sahib şəxsiyyətlərdən olan Məhəmməd Nəsirəddin Tusinin xatirə günüdür.

  Tusi Marağa rəsədxanasının yaradılmasına xeyli əmək sərf edib, oranı böyük elmi mərkəzə çevirib.

  Alim özünün məşhur “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini dəqiq təyin edib.

  Nəsirəddin Tusinin elmin müxtəlif sahələrinə dair əsərləri hələ də dünya alimləri tərəfindən öyrənilir və təqdir olunur. (1201-1274)

***

  Məşhur alman alimi, fiziki-kimyanın banilərindən biri Valter Nernst 1864-cü ilin 25 iyununda dünyaya gəlib.

  Tədqiqatları əsasən termodinamikaaşağı temperaturlu fizika, fiziki-kimyaya aid olan alim 1886-cı ildə elektrik sahəsinin yaranması təzahürünü kəşf edib.

  Valter Nernst 1920-ci ildə Kimya üzrə Nobel Mükafatını alıb. (1864-1941)

*** 

  Azərbaycanın görkəmli səhnə ustası Sona Hacıyeva 1907-ci ilin bu günü Şəkidə doğulub. Səhnə fəaliyyətinə 14 yaşından (1921) başlayıb. 16 yaşından ömrünün sonunadək (1923-1979) – düz 56 il Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub. (1907-1979)

***

  Azərbaycanın görkəmli səhnə ustası, Gülşən və Hamlet kimi tanınmış aktyorların atası – Ağadadaş Qurbanov 1911-ci il 25 iyunda dünyaya gəlib. Onun həm teatr, həm kinoda yaratdığı dramatik və komik obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. (1911-1965)

***

  Azərbaycanın tanınmış fiziki, professor Qüdrət Axundov 1932-ci ilin bu günü Ordubadda anadan olub. Tədqiqatları əsasən yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsinə aiddir. (1932-1973)

***

  25 iyun Azərbaycanın tanınmış kinossenari müəllifi, yazıçı və rejissor Həsən Seyidbəylinin xatirə günüdür.

  O, 20-dən çox kitabın, o cümlədən, “Kənd həkimi”, “Telefonçu qız”, “Cəbhədən cəbhəyə”, “İllər keçir”, İmran Qasımovla birlikdə ortaq yazdığı “Uzaq sahillərdə” kitablarının müəllifi, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Nəsimi” və digər tanınmış bədii filmlərin rejissorudur. (1920-1980)

*** 

  Dünyanın ən məşhur estrada müğənnisi, “Pop musiqi kralı” Maykl Cekson (Michael Jackson) 2009-cu ilin 25 iyununda 51 yaşında həyatdan köçüb. (1958-2009)

Oxşar Xəbərlər