Tarixdə bu gün – 1 iyul

İyl1,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1962-ci il 1 iyulda Afrikanın cənubundakı Ruanda və Burundi xalqları öz müstəqiliklərini elan etdilər.

  Əhalisi oxşar etnik tərkibə malik olan bu ölkələr müstəqillik qazandıqdan sonra da uzun müddət silahlı qarşıdurma şəraitində yaşayıblar.

  Ruanda qırğını 20-ci əsrdə bəşəriyyətin üzləşdiyi ən faciəvi soyqırımlardan biridir. 

***

  1982-ci ilin 1 iyulunda 4 erməni terrorçusu Türkiyənin Hollandiyadakı baş konsulu Kəmaləddin Dəmirələ qarşı sui-qəsd törətdilər. Hadisə nəticəsində Türkiyə diplomatı zərər çəkmədi.

  Terror aktına görə məsuliyyəti özünü “Ermənistanın qırmızı ordusu” adlandıran qruplaşma üzərinə götürdü.

***

  1955-ci ildə Sovet hökumətinin başçılığı ilə NATO-ya qarşı qurulmuş Varşava Paktına Berlin divarının yıxılması və SSRİ-nin dağılması ilə 1991-ci ilin 1 iyul tarixində rəsmən son qoyuldu. Həmin gün Çexoslavakiyanın paytaxtı Praqada “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Varşava müqaviləsi”nin dayandırılması ilə bağlı protokol imzalandı. Bununla da Avropada sosializm sisteminin dayağı aradan qaldırıldı.

*** 

  156 il İngiltərənin hakimiyyəti altında olan və 235 adadan ibarət Honq Konq yarımadası 1997-ci il iyulun 1-də Çin hökumətinə təhvil verildi.

***                                           

1 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Alman filosofu, riyaziyyatçı və fizik Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) 1646-cı ilin bu günü anadan olub.

  Branderburq Elmi Cəmiyyətinin təsisçisi və rəhbəri olan Vilhelmin tədqiqatları əsasən diferensial və inteqral hesablamanın dəqiqləşdirilməsinə həsr edilib.

  Vilhelm Leybnits bir müddət “Rusiyada iqtisadiyyat və elmin tərəqqisi üçün layihə” üzərində də çalışıb. (1646-1716)

***

  Romantizm cərəyanının tanınmış nümayəndəsi, məşhur fransız yazıçısı, əsl adı Amandina Lüsil Avrora Düpen olan Jorj Sand 1804-cü il iyulun 1-də Parisdə dünyaya gəlib. “İndiana”, “Valentina”, “Leliya”, “Konsuelo”, “Cənab Antoanın günahı”, “Qar adam”, “Oras” və başqa romanları ona böyük şöhrət qazandırıb.

  Jorj Sand publisitikasında sol respublikaçıların və utopik sosialistlərin mövqeyindən çıxış edib. (1804-1876)

***

  Tanınmış Azərbaycan yazıçısı, ictimai və hərbi xadimi İsmayıl bəy Qutqaşınlı 1806-cı il 1 iyulda anadan olub.

  30 ildən artıq Rusiya ordusunda xidmət edən İ.Qutqaşınlı general-mayor rütbəsinədək yüksəlib.

  Qasım bəy Zakir, Mirzə Fətəli Axundov kimi Azərbaycan ədibləri ilə yaxın yaradıcılıq əlaqələri saxlayan İsmayıl bəy Qutqaşınlıya 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi böyük şöhrət qazandırıb.

  1852-ci ildə Məkkə ziyarəti zamanı qələmə aldığı qeydlər ilk dəfə 1967-ci ildə “Səfərnamə” adı ilə çap edilib. Həmin əsərdə Gəncə və Borçalı mahalının, Ərəbistanın şəhər və kəndlərinin təbiəti, əhalisi, təsərrüfatı haqqında məlumat verilib. (1806-1869)

***

  Azərbaycanın tanınmış hərbi xadimi, İkinci Dünya Müharibəsi illərində tank briqadasında döyüşmüş general Nüsrət Bağırov 1920-ci ilin bu günü dünyaya gəlib. Göstərdiyi igidlik və qəhrəmanlığa görə 17 orden və medallarla təltif edilib. Müharibədən sonra Azərbaycan Daxili İşlər Nazirliyində çalışıb.

  Sonralar “Dinamo” İdman Cəmiyyətinə rəhbərlik edən Nüsrət Bağırovun Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı sahəsində əvəzsiz xidmətləri olub. (1920-1996)

*** 

  “Doklar üzərində” və “Ata” filmləriylə dünya şöhrəti qazanmış aktyor Marlon Brando 2004-cü ilin bu günü 80 yaşında həyata gözlərini yumub. (1924-2004)

Oxşar Xəbərlər