Tarixdə bu gün – 1 İyun

İyn1,2021 #1 iyun #tarixdə bu gün

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

İstanbul Osmanlılar tərəfindən alındıqdan sonra 1453-cü ilin 1 iyun tarixində Ayasofyada ilk cümə namazı fəthin mənəvi memarlarından olan Akşemsettinin başçılığı ilə qılındı.

***

  1 iyun 1831-cü ildə ingilis səyyahı Ceyms Klark Ross (James Clark Ross) Şimal qütbünü kəşf etdiyini açıqladı.

***

  1911-ci ilin 1 iyun tarixində Türkiyə Hava Qüvvələri yaradıldı.

***

  1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür.

  Bu qərar 1949-cu ildə uşaqları müharibə təhlükəsindən qorumaq, onların sağlamlığı, tərbiyəsi və təhsili qayğısına qalmaq məqsədilə Beynəlxalq Demokrat Qadınlar Federasiyası Şurasının Moskva sessiyasında qəbul edilib.

  Uşaqları Beynəlxalq Müdafiə Günü ilk dəfə 1950-ci ildə dünyanın 51 ölkəsində qeyd olunub. 

***

  1 iyun 1952-ci ildə bir qismi Şərqi Almaniya, bir qismi Qərbi Almaniyada qalmaqla Berlin şəhəri rəsmən ikiyə bölündü.

***

  Bütün zamanların ən yaxşı musiqi albomu sayılan “Beatles” qrupunun “Sgt. Pepper’s Lonely Hearts Club Bant” albomu 1967-ci ilin bu günü ictimaiyyətə tanıdıldı.  

***

  1973-cü il 1 iyunda Yunanıstanda monarxiya üsul-idarəsi ləğv edildi, prezident-parlament respublikası yaradıldı. 

***

  1 iyun dünyanın ən məşhur telekanallarından olan CNN-in yarandığı gündür.

  CNN telekanalı 1980-ci ilin bu günündən fəaliyyərə başlayıb.

*** 

  1990-cı il 1 iyunda ABŞ prezidenti Corc Buşla (George H.W.Bush) və SSRİ-nin başçısı Mixail Qorbaçov arasında kimyəvi silah istehsalına son qoyan müqavilə imzalandı.

***

1 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli rus bəstəkarı Mixail Qlinka 1804-cü ilin bu günü dünyaya gəlib. O, 1836-cı ildə yazdığı “İvan Susanin” operası ilə rus musiqisində tarixi süjetli faciənin, “Ruslan və Lyudmila” operası ilə isə nağıl janrının əsasını qoyub.

  M.Qlinkanın yaradıcılığında şərq motivləri aydın nəzərə çarpır. (1804-1857)

***

  Azərbaycanın görkəmli dilçi-alimi, professor Səlim Cəfərov 1907-ci ilin 1 iyununda anadan olub.

  S.Cəfərovun “Azərbaycan dili” dərslikləri 40 dəfədən çox nəşr edilib. O, 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyinin “Leksika” adlanan ikinci cildinin müəllifidir. (1907-1978)

***

  Azərbaycanda ilk qadın mexanizator Sevil Qazıyeva 1940-cı ilin 1 iyununda Zaqatalada anadan olub.

  Beyləqan rayonundakı 5 nömrəli sovxozda çalışmış S.Qazıyeva respublikada “Qızlar, sükan arxasına” hərəkatının təşəbbüsçüsü idi.

  1963-cü ildə pambıq yığarkən faciəli şəkildə həlak olan Sevil Qazıyevanın xatirəsinə Azərbaycanın xalq şairi Nəbi Xəzri “Günəşin bacısı” poemasını yazıb. (1940-1963)

*** 

  Dünya modasının məşhur adı, fransız dizayner İv Sen-Loran (Yves Saint Laurent) 2008-ci ilin bu günü 72 yaşında həyatdan köçdü. (1936-2008)

Oxşar Xəbərlər