Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
1918-ci ilin 10 may tarixində Gürcüstan Batum şəhərində təşkil edilən Sülh Konfransı ilə Türkiyə və Transqafqaz ölkələri arasında müharibəyə son qoyuldu.
***
10 may 1993-cü ildə Tailandın oyuncaq fabrikində çıxan yanğında çoxu uşaq olmaqla 188 işçi həyatını itirdi.
***
10 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Bu gün dünyanın tanınmış böyük siyasi xadimlərindən biri, Azərbaycan respublikasının üçüncü prezidenti Heydər Əliyev anadan olub. (1923-2003)
***
Azərbaycan tarixinin müasir tədqiqatçısı Səməd Sərdariniya 1947-ci ilin 10 mayında Cənubi Azərbaycanın (İran) Təbriz şəhərinin Əmirəqız məhəlləsində dünyaya göz açıb. İbtidai və orta məktəbi bitirdikdən sonra Təbriz Universitetinin tarix fakultəsində oxuyub (1967-1971). Təbriz Radio və Televiziyasında çalışdığı zaman Tehran Universitetinin hüquq fakultəsinə daxil olub və oranı da bitirib (1978).
Elmi, mədəni və ictimai xidmətlərinə görə S.Sərdariniya Azərbaycan Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.
Uzun müddət mədəsində yaranmış xərçəng xəstəliyindən əziyyət çəkən S.Sərdariniya xəstəxanada əməliyyat zamanı 10 aprel 2008-ci ildə 61 yaşında vəfat edib və Təbrizin görkəmli şəxsiyyətlərinin dəfn olunduğu “Rəhmət vadisi” qəbristanlığında dəfn olunub.
Tarixçi alimin tanınmış əsərləri bunlardır: “Azərbaycan tarixinə baxış”, “Qarabag tarixin keçidində”, “Arazın hər iki tayında müsəlmanların soyqırımı”, “Bakı – neft və musiqi şəhəri”, “Azərbaycanın məhşurları” (2 cild), “Molla Nəsrəddin” Təbrizdə”, “Milli sərkərdə Bağırxan”, “Azərbaycan jurnal və qəzetlərini tarixi”, “Azərbaycan müasir cəmiyyətlərin önündə”, “Təbriz – birincilər şəhəri”, “Azərbaycan – nəşr sənətinin beşiyi”, “İrəvan – müsəlmanların yaşadığı əyalət”, “Təbrizin gizli mərkəzi” və s.
***
Türkiyənin dünyada tanınmış soprano ifaçısı Leyla Gencer (Ayşe Leyla Çeyrekgil) 2008-ci ilin bu günü 80 yaşında İtaliyada dünyasını dəyişib. Bir çox ölkədə o, “La Diva Turca” adı ilə tanınırdı. (1928-2008)