Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

919-cu ilin 12 may tarixində Saksoniya hersoqu I Henrix Almaniya kralı elan olundu və bu sülalənin hökmranlığı 100 il davam etdi.

  Birinci Henrix pərakəndə şəkildə mövcud olan alman hersoqluqlarını birləşdirməyə nail oldub və Şərqə təzyiq siyasətinin əsasını qoydu. Bu siyasətə görə almanlar daim slavyanların torpaqlarına hücumlar təşkil edirdilər.  

***

  1550-ci ilin bu günü İsveç kralı I Qustav Vasa Fin körfəzinin Şimal sahilində isveç dilində “Helsinq şəlaləsi” mənasını verən Helsinqfors şəhərinin bünövrəsini qoydu. O vaxt Finlandiya İsveçin tərkibində idi.

  1809-cu ildə rus çarı I Aleksandr Finlandiyanı işğal edib Rusiyaya birləşdirdi, bundan 3 il sonra (1812) ölkənin paytaxtını Turku şəhərindən Helsinkiyə, yəni keçmiş Helsinqforsa köçürüb.

***

  12 may 1906-cı ildə Azərbaycanın paytaxtında “Bakinski raboçi” (Бакинский рабочий) qəzeti Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı təşkilatının gizli orqanı kimi nəşrə başladı. Lakin elə ilk nömrədən sonra nəşri dayandırıldı. 1908-ci il sentyabrın 6-dan neft sənayesi fəhlələrinin həftəlik qəzeti kimi yenidən işıq üzü gördü. Oktyabrın 31-də çar hökumətinin fərmanı ilə “zərərli qəzet” adlandırılaraq dayandırıldı.

  1917-ci ildən bolşevik qəzeti kimi yenidən nəşr olunmağa başlayan “Bakinski raboçi” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı kimi 70 ildən artıq fəaliyyət göstərib.

  Hazırda “Bakinski raboçi” Azərbaycan respublikası həyatının müxtəlif sahələrini əks etdirən maraqlı və oxunan qəzetlərdən biridir. 

***

  1949-cu ilin 12 mayında SSRİ-nin 11 ay davam edən Berlin mühasirəsi başa çatdı. Bu zaman kəsiyində Berlin xalqının ehtiyacları ABŞ və İngiltərə tərəfindən “Hava körpüsü” vasitəsilə təmin edildi.

***

  12 May Ümudünya Tibb Bacıları Günüdür. Bu bayram Tibb Bacılarının Beynəlxalq Şurası tərəfindən ilk şəfqət bacısı Florens Naytingelin şərəfinə 1971-ci ildə təsis olunub.

***

  2008-ci ilin 12 mayında Çinin Siçuan əyalətində 7,8 bal gücündə zəlzələ baş verdi ki, fəlakətdə 70 min insan həyatını itirdi, minlərlə ev dağıldı.

***

12 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın tanınmış bəstəkarı, dirijor və pedaqoq Səid Rüstəmov 1907-ci ilin bu günü dünyaya gəlib.

  Bakı Musiqi Məktəbinin tar sinfində Üzeyir Hacıbəyov və Mansur Mansurovdan dərs alan, yaradıcılığında mahnı janrı əsas yer tutan S.Rüstəmov Ü.Hacıbəyovdan sonra Azərbaycan Dövlət Teleradiosu Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Hazırda həmin orkestr Səis Rüstəmovun adını daşıyır. (1907-1983)

Oxşar Xəbərlər