Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?
1325-ci ilin bu günü ərəb tarixçisi İbn Bəttutə 21 yaşından doğma Mərakeşdən uzaq səyahətə yola düşüb. Onun bu səyahəti 30 il çəkib.
Məşhur səyyah və tarixçi İbn Bəttutə bu illər ərzində Şərqi Afrikanın bütün müsəlman ölkələrini, Yaxın və Orta Şərqi, Orta Asiya dövlətlərini, Hindistanı və Çini keçərək Seymon və Sumatra adalarına çatıb. Bundan başqa, o, Krım yarımadasında da olub.
Bu uzun səyahətin nəticəsi olaraq İbn Bəttutə sonradan çox xalqların dillərinə tərcümə olunaraq yayılacaq “Dünya şəhərlərinin möcüzələri və səyahətin əsrarəngizliyi” əsərini qələmə alıb.
***
1775-ci il 14 iyunda Böyük Britaniyanın Amerikadakı qiyamçı müstəmləkələrinin II Kontinental konqresi 20 min kişinin səfərbərliyə alınması və dağınıq dəstələrdən 10 atıcı alay təşkil olunmasına səs verdi. Beləliklə, Kontinental Ordu yaradılması barədə qərar qəbul edildi. Bundan 2 gün sonra Corc Vaşinqton bu ordunun baş komandanı təyin edildi və Şimali Amerikanın müstəqillik uğrunda silahlı mübarizəsi başlandı.
***
14 iyun 1940-cı ildə Fransa İkinci Dünya Müharibəsində məğlub oldu və Almaniya ordusu paytaxt Parisə girdi.
***
1952-ci ilin 14 iyununda ABŞ-da dünyanın ilk nüvə sualtı gəmisi “USS Nautilus”un tikintisi başlandı. 3 il sonra işə salınan “USS Nautilus” Şimal qütbünü dənizin altından keçərək tarixi uğura imza atdı. “USS Nautilus” 1980-ci ilə qədər ABŞ Dəniz Donanmasına xidmət göstərdi.
***
14 iyun 1964-cü ildə məhkəmə Cənubi Afrika hökumətini devirmək üçün gizli plan hazırladığı səbəbiylə Nelson Mandelanı ömürlük həbs cəzasına məhkum etdi və 27 il Robben adasında həbsdə oldu.
İrqçiliyə qarşı mübarizənin simvolu olan Mandela 1990-cı ildə azad edilərkən 71 yaşında idi.
***
1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend adaları uğrunda 2 ay yarım davam edən müharibə iyunun 14-də sona çatdı. Argentina danışıqsız təslim aktını imzalamağa məcbur oldu. Bu müharibədə 255 britaniyalı və 700 argentinalı həyatını itirdi.
***
1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılan Şanxay Beşliyinin adı 2001-ci 14 iyununda Özbəkistanın da qoşulması ilə dəyişdirildi və Şanxay Əməkdaşlıq Təşkilatı adlandı.
***
Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib.
“Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən kampaniyaların məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.
Qan qruplarını müəyyənləşdirən sistemi və qan köçürülməsi üsulunu yaratmış avstriyalı immunoloq, Nobel mükafatı laureatı Karl Landştaynerin doğum günü şərəfinə iyunun 14-ündə dünyanın hər yerində kütləvi qanvermə aksiyaları keçirilir.
***
14 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, mütəfəkkir və maarifçi Mirzə Şəfi Vazeh 1794-cü ilin bu günü dünyaya gəlib.
Bir müddət Tiflis Qəza Məktəbində Azərbaycan və fars dillərindən dərs deyən Mirzə Şəfi sonradan Gəncədə təsis etdiyi “Divani-Hikmət” ədəbi-fəlsəfi məclisində fəaliyyətini davam etdirib. Əsərlərini Azərbaycan və fars dillərində yazıb.
Alman şairi Fridrix Bodenşted Vazehin şeirlərini alman dilinə tərcümə edərək yayınlayıb. Bu şeirlər tezliklə ingilis, İtaliya, norveç, isveç, holland, polyak, çex, yəhudi, rus və başqa dillərərə tərcümə olunub.
Vazeh poeziyasının Avropada şöhrət qazandığını görən Bodenşted özünü həmin şeirlərin müəllifi elan edib. Bununla bağlı mübahisələr hələ də sürməkdədir. (1794-1852)
***
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun atası, məşhur tarzən, musiqi xadimi Məşədi Cəmil Əmirov 1875-ci ilin 14 iyununda Qarabağın mərkəzi Şuşada anadan olub.
32 yaşından (1907) Gəncədə yaşayan və burada məşhur xanəndələrin bir çoxunu tarda müşayət edən Məşədi Cəmil həmçinin Şuşa, Gəncə, Tiflis və İrəvanda göstərilən opera tamaşalarında Məcnun, Kərəm, Qərib rollarını oynayıb.
1911-1912-ci illərdə İstanbulda musiqi təhsili alan M.C.Əmirov burada “Heyratı” muğamını nota alaraq çap etdirib.
1923-cü ildən 5 il, yəni ömrünün sonunadək Məşədi Cəmil Əmirov Gəncə Musiqi Məktəbinin direktoru olub. (1875-1928)
***
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisist Camo bəy Hacınski 1888-ci il 14 iyunda Qubada dünyaya gəlib. Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib.
Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan İstiqlal Bəyannaməsini imzalayanlardan biri olan Camo bəy Hacinski cümhuriyyətin Birinci Hökumət Kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra edib, Dördüncü və Beşinci hökumət kabinələrində poçt və teleqraf naziri vəzifəsində çalışıb.
1922-ci ildə həbs edilən C.Hacinski 6 il sonra (1928) azad edilərək Bakıya qayıdıb, bir müddət Azərİttifaq sistemində çalışıb. 1938-ci ildə yenidən həbs edilərək sürgünə göndərilib. Camo bəy Hacinski 1942-ci ildə sürgündə vəfat edib. (1888-1942)
***
Latın Amerikası inqilabçısı Çe Gevara 1928-ci ilin bu günü Argentinanın Rosatio şəhərində anadan olub.
İxtisasca həkim olan Çe Gevara 1955-ci ildə Meksikada Fidel Kastro ilə tanışlıqdan sonra taleyini Kuba xalqının azadlıq mübarizəsi ilə bağlayıb. İnqilabın qələbəsindən sonra 2 il Kuba Milli Bankının sədri, 1961-ci ildən isə sənaye naziri olub. 1965-ci ildə Kubanı tərk edərək Boliviyaya gedib. Bundan 2 il sonra (1967) hökumət qoşunları onun partizan dəstəsini mühasirəyə alaraq məhv edib. Çe Gevara özü isə əsir düşərək qətlə yetirilib. (1928-1967)