Tarixdə bu gün – 16 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

16 iyun 1206-cı ildə Şərqi Monqolustandakı Onon çayı sahillərində dünya tarixinin həlledici hadisələrindən biri baş verdi: orada monqol zadəganlarının təntənəli toplantısı keçirildi. Həmin qurultayda Teymurçin xaqan seçildi və Çingizxan ləqəbini qəbul etdi.

***

  Osmanlı sultanı Bəyazid 1389-cu il 16 iyunda haklimiyyətə gəldi.

  Yüksək sərkərdəlik məharətilə fərqlənən Bəyazidə sürətli hücumlarına görə İldırım (Yıldırım) ləqəbi verdilər.

  Türk dünyasının digər görkəmli şəxsiyyəti Əmir Teymurla döyüşdə Yıldırım Bəyazid ağır məğlubiyyətə uğrayaraq əsir düşüb və 42 yaşında vəfat edib. (1360-1402)                                   

***

  16 iyun 1826-cı ildə Osmanlı sultanı II MahmudYeniçəri ocağını aradan qaldırdı.

  Vakai-Hayriye (xeyirli hadisə) adlanan Yeniçəri və digər qapıqulu ocaqlarının ortadan qaldırılması müasir Türkiyə tarixinin gerçək başlanğıcı oldu.

***

  1918-ci ilin bu günü Tiflisdə yerləşən Azərbaycan hökuməti və Milli Şura müvəqqəti paytaxt elan olunan Gəncəyə köçdü.

***

  1919-cu ilin 16 iyununda Yörük Əli Efe və yoldaşları “Malqaç basqını” adı ilə Türkiyənin Aydın şəhərindəki yunan polis bölməsini ələ keçirdi. Bununla da bölgədə Yunanıstan hərbi qüvvələrinin irəliləməsi dayandırıldı. 

***

  1950-ci ilin bu günü futbol üzrə IV çempionatın final turnirinin başlanmasına bir ay qalmış Rio de Janeyroda stadionun açılışı oldu.

  “XX əsrin kolizeyi” sayılan bu 175 min yerlik qurğu uzun müddət dünyanın ən nəhəng stadionu sayılıb. 

  İlk vaxtlar Bələdiyyə Stadionu, çox keçmədən isə axan çayın adı ilə onu Marakana adlandırdılar.

***

  16 iyun 1950-ci ildə Türkiyə Böyük Millət Məclisi türkcələşdirilmiş azanın, əvvəllər olduğu kimi, ərəbcə oxunmasına dair qanunu qəbul etdi.

***

  1963-cü ilin 16 iyununda “Vostok 6” ilə dünya orbitinə çıxmaqla sovet kosmonavtı Valentina Tereşkova kosmosa gedən ilk qadın olaraq tarixə düşdü.  

***

  1964-cü il 16 iyunda amerikalı zənci haqqları öndəri Martın Luther Kinqə Nobel Sülh Mükafatı verildi.

***  

  16 iyun 1976-cı ildə Cənubi Afrikanın Soveto (Soweto) qəsəbəsində “Afrikaans” adlandırılan ağ dərili azlıqların öz dillərini təhsilinə etiraz edən qara tələbələrə təhlükəsizlik qüvvələri tərəfindən atəş açıldı. Hadisə zamanı təxminən 600 tələbə həyatını itirdi.

***

16 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın tanınmış maarif xadimi Həbib bəy Mahmudbəyov 1864-cü ilin bu günü Şamaxıda anadan olub.

  23 yaşında (1887) Tiflis Müəllimlər İnstitutunu bitirən Həbib bəy elə həmin il Bakıda Sultanməcid Qənizadə ilə birlikdə Azərbaycanda ilk xüsusi (özəl) məktəb Rus-Müsəlman Məktəbinin əsasını qoyub. (1864-1928)

***

  Azərbaycanın tanınmış memarı Fuad Seyidzadə 1938-ci il 16 iyunda Bakıda dünyaya gəlib.

  Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopolda ucaldılmış Sapundağ abidə kompleksi heykəltaraş Ömər Eldarovla Fuad Seyidzadənin birgə işinin məhsuludur. (1938-1972)

***

  16 iyun 1979-cu ildə Türkiyə kinosunun tanınmış aktyoru Ayhan İşık dünyadan köçüb. “Tacsız kral” adı ilə tanınan Ayhan İşık 200-ə yaxın filmdə baş rolda oynayıb. (1929-1979)

Oxşar Xəbərlər