1453-cü ilin 17 aprelində Fateh Sultan Mehmet İstanbul adalarını tamamilə fəth etdi.
***
17 aprel 1897-ci ildə Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında “Otuz günlük savaş” adlandırılan müharibə başladı.
***
1940-cı ilin 17 aprelində ibtidai sinif müəllimi hazırlamaq üçün Türkiyədə Kənd İnstitutları Təhsil Qanunu qəbul olundu.
***
Yaxın Şərqin qədim dövləti Suriya Fransa işğalı altında olsa da, 1946-cı ilin 17 aprelində istiqlaliyyətini elan etdi.
Bir vaxtlar İslam xilafətinin mərkəzi olmuş Suriyanın yerləşdiyi ərazi əsrlər boyu hücumlara və işğala məruz qalıb. Bu ərazi romalılar və monqollardan tutmuş xaçpərəstlər və türklərə qədər hər kəs tərəfindən zəbt olunub.
Suriya münbit düzənliklər, hündür dağlar və səhralar ölkəsidir. Ölkədə müxtəlif etnik və dini qrupların təmsilçiləri yaşayır, o cümlədən, kürdlər, ermənilər, assuriyalılar, xristianlar, druzlar, şiələr və sünnilər.
2011-ci ildən başlayaraq ölkədə uzun illər əsasən şiələrdən ibarət elit təbəqənin əlində olmuş hakimiyyətə qarşı çıxılıb. Acı vətəndaş münaqişəsi ilk olaraq “Ərəb baharı”ndan təkan alıb, lakin sonradan regional və beynəlxalq oyunçuların, dövlətlərin qarışdığı mürəkkəb müharibəyə çevrilib.
***
1915-ci ildə – I Dünya Müharibəsi zamanı Çanaqqala müharibəsində həyatını itirən türk əsgərlərinin xatirəsinə ucaldılacaq Çanaqqala şəhidləri abidəsinin təməli 17 aprel 1954-cü ildə qoyuldu.
***
ABŞ-ın dəstəklədiyi sürgündəki kubalılar Fidel Kastronu (Fidel Castro) devirmək üçün 1961-ci ilin 17 aprelində Kubaya hərəkət etdi.
Donuzlar Körfəzi Hərəkatı kimi tanınan bu savaş Fidel Kastronun qələbəsi ilə nəticələndi.
***
17 aprel 1972-ci ildə ABŞ-da Nikson rəhbərliyinin seçkilərdə siyasi rəqiblərini qeyri-qanuni dinlədiyi aşkara çıxarıldı.
“Uoterqeyt” (Watergate) adı verilən hadisə zamanı üç məsləhətçi və bir prokuror istefa etdi.
***
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Hemofiliya Federasiyasının birgə qərarı ilə 1989-cu ildən aprelin 17-si Beynəlxaql Hemofiliya Günü kimi qeyd olunur.
***
17 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Azərbaycanın tanınmış bəstəkarı Zülfüqar Hacıbəyov 1884-cü ilin bu günü anadan olub. O, ilk Azərbaycan operalarından biri olan “Aşıq Qərib”də xalq musiqisi ilə Avropa janrlarını əlaqələndirib.
Zülfüqar Hacıbəyovun öz librettoları əsasında bəstələdiyi “50 yaşında cavan”, “Varlı”, “Evli ikən subay” musiqili komediyaları bu gün də Azərbaycan səhnəsində oynanılır. (1884-1950)
***
Azərbaycanın ilk qadın professoru Adilə Şahtaxtinskaya 17 aprel 1894-cü ildə dünyaya gəlib.
O, 29 yaşından (1923) ömrünün sonunadək Tibb Universitetində ginekologiya kafedrasının müdiri fəzifəsində çalışıb.
Adilə Şahtaxtinskaya əsasən qadın gigiyeniyasına dair əsərlər yazıb. (1894-1951)
***
Sövet dövlətinin tarixində özünəməxsus iz qoyan Nikita Xruşşov 1894-cü ilin bu günü doğulub. Rusiya Vətəndaş Müharibəsi (1918-1920) və İkinci Dünya Müharibəsinin (1941-1945) iştirakçısı olub. 1931-ci ildən Moskva partiya təşkilatının katibi vəzifəsində çalışıb.
Stalinin yetirməsi olan Xruşşov 1953-cü ilin sentyabrında Sov.İKP MK-nın birinci katibi seçilib və hakimiyyətdə olduğu 10 il müddətində daha çox stalinzmin ifşası ilə məşhurlaşıb.
“Qarib böhranı” və “Qərb dünyası ilə soyuq müharibə” də Nikita Xruşşovun adı ilə bağlıdır. (1894-1971)
***
Türkiyənin görkəmli siyasi xadimi, respublikanın 8-ci dövlət başçısı Turqut Özal 1993-cü ilin bu günü dünyasını dəyişib.
1980-ci ildən baş nazir, 1988-ci ildən ölkənin rəhbəri olan T.Özal Türkiyədə iqtisadi islahatların həyata keçirilməsində mühüm rol oynayıb. (1929-1993)
***
17 aprel 2014-cü ildə “Vəba (kolera) günlərində sevgi” və “Əsrlik tənhalıq” romanları ilə dünya şöhrəti qazanmış Kolumbiya yazıçısı Qabriel Qarsiya Markiz (Gabriel Garcia Marquez) 87 yaşında həyatdan köçdü. (1927-2014)