Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1865-ci il 17 mayda Parisdə 20 ölkə nümayəndələrinin iştirakı ilə Beynəlxalq Teleqraf İttifaqı yaradıldı. 1990-cı ildə artıq bu təşkilatın sayı 166 idi. Hal-hazırda Azərbaycan da bu nüfuzlu qurumun üzvüdür.

***

  17 may 1983-cü ildə ABŞ, İsrail və Livan arasında bağlanan müqaviləyə əsasən İsrail ordusu Beyrutdan geri çəkildi.

***

  1989-cu ilin 17 mayında Pekindəki Tiananmen meydanında siyasi azadlıqlarla əlaqədar aclıq aksiyası keçirən tələbələri dəstəkləmək üçün Çində 1 milyondan çox insan nümayişə çıxdı.  

***

17 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli yazıçısı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib. 1891-ci ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub, eyni zamanda, Sankt-Peterburq Universitetinin Şərq fakültəsində oxuyub.

  Ə.Haqverdiyev “Leyli və Məcnun” operasının ilk tamaşasının dirijoru olub, “Molla Nəsrəddin” jurnalı ilə fəal əməkdaşlıq edib.

  “Marallarım” silsilə hekayələri, “Xortdanın cəhənnəm məktubları” povesti, “Dağılan tifaq”, “Bəxtsiz cavab”, “Pəri-cadu”, “Ağa Məhəmməd şah Qacar” pyesləri XX əsr Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir.

  Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası Azərbaycan teatrının inkişafında mühüm rol oynayıb. (1870-1933)

***

  Tanınmış fransız yazıçısı Anri Barbüs 1873-cü il 17 mayda anadan olub. Yazıçı Birinci Dünya Müharibəsindən bəhs edən “Od” və “Aydınlıq” romanlarında savaşın doğurduğu dəhşətlər və insan iztirablarını verə bilib. 

  Anri Barbüs 1927-ci ildə Azərbaycanda olub və “Neft ölkəsində” adlı məqaləsini yazıb. (1873-1935)

***

  Məşhur fransız aktyoru Jan Qaben 1904-cü ildə anadan olub.

  Musiqili komediya və detektiv filmlərdə əsasən komik və melodramatik rollar oynayan Jan Qaben qəhrəmanların daxili aləmini məharətlə göstərə bilirdi. (1904-1976)

Oxşar Xəbərlər