Tarixdə bu gün – 18 aprel

Apr18,2021 #18 aprel #tarixdə bu gün

18 aprel 1906-cı ildə ABŞ-ın San-Fransisko şəhəri 7,8 bal gücündə zəlzələ ilə sarsıldı. 28 min binanın dağıdığı zəlzələdə təxminən 3 min adam öldü, 100 min insan evsiz qaldı.

***

  1923-cü ilin 18 aprelində Bakının Bibiheybət qəsəbəsindəki “Sevinc buxtası”nda ilk 6 quyu fontan vurub. 

***

  18 aprel 1935-ci ildə XII Beynəlmiləl Qadın Konqresi Atatürkün himayəsində İstanbulun Yıldız sarayında toplandı. Konqresdə qadın haqları, bərabərlik, qadınların iqtisadiyyat və siyasətdə rolu, o cümlədən irqçilik və səhiyyə məsələləri müzakirə olundu.

  Bir çox fərqli məkandan qadın hüquq müdafiəçisini bir araya gətirən XII Beynəlmiləl Qadın Konqresində Hindistan, Misir, Fransa, Rumıniya və Avstriya kimi 30 ölkədən 210 nümayəndə iştirak edirdi.

***

  1951-ci ilin bu günü Paris Müqaviləsinin imzalanması ilə bugünkü Avropa İttifaqının əsaslarını yaradacaq ilk addım – Avropa Kömür və Polad Birliyi yaradıldı.

***

  1954-cü ilin 18 aprelində Misirdə Camal Əbdülnasir çevriliş edərək krallıq rejiminə son qoydu.

***

  1989-cu ilin 18 aprel tarixində Türkiyədə süni mayalanmadan ilk uşaq İzmirdə Egey Universiteti Süni Mayalanma Mərkəzində (Ege Üniversitesi Tüp Bebek Merkezi) dünyaya gəldi.

***

  1996-cı ilin 11 aprelindən Livan torpaqlarına qarşı “Qəzəb üzümləri” əməliyyatına başlayan İsrail ordusu Cənubi Livanda Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında olan Kana qaçqın düşərgəsini vurdu. Hücum zamanı 106 fələstinli həlak oldu. Sadə vətəndaşların ölümünə görə böyük reaksiya ilə qarşılaşan İsrail aprelin 18-də atəşkəs elan etməyə məcbur qaldı.

***

18 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün müasir fizikanın banisi, dünyanın ən məşhur və dahi alimlərindən olan Albert Eynşteynin xatirə günüdür.

  Almaniyada doğulan Albert 1914-1933-cü illərdə Berlində Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Faşistlər hakimiyyətə gələndən sonra təqiblərə məruz qalaraq ölkəni tərk etməyə məcbur qalıb. 1933-cü ildən ömrünün sonuna qədər Amerika Birləşmiş Ştatlarında yaşayıb.

  A.Eynşteynin kəşf etdiyi xüsusi və ümumi nisbilik nəzəriyyəsi məkan, zaman və materiya haqqında təsəvvürləri kökündən dəyişib və Kvant nəzəriyyəsinin yaradılmasında əhəmiyyətli rol oynayıb.

  Nobel mükafatlı Albert Eynşteyn 1955-ci il aprelin 18-də 76 yaşında dünyasını dəyişib. (1879-1955)

***

  Azərbaycanın ilk peşəkar qadın müğənnisi, vokal sənətinin görkəmli nümayəndəsi Şövkət Məmmədova 1897-ci ilin 18 aprelində anadan olub.

  1911-ci ildə görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin yardımı sayəsində Milanda musiqi təhsili alan Şövkət xanımın təşəbbüsü ilə Bakıda teatr texnikumu və not nəşriyyatı (1923) açılıb.

  Şövkət Məmmədova Azərbaycan opera səhnəsində dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqinin xüsusiyyətlərilə əlaqələndirib. (1897-1981)

QİA.az

Oxşar Xəbərlər