Tarixdə bu gün – 18 may

May18,2021 #18 may #tarixdə bu gün

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

 1291-ci ilin bu günü səlibçilər müqəddəs torpaqlarda son istinadgahlarını itirdilər. Misir Sultanı Malik əl-Əşrəfin qoşunları iki həftəlik mühasirədən sonra Qüds şəhərinin 100 kilometr şimalındakı Əkka (Akra) qalasını ələ keçirdilər. Bu qalanı 100 il əvvəl “Şir ürəkli” ləqəbilə tanınan ingilis kralı Riçard işğal etmişdi. O vaxt səlibçilər müsəlmanları amansızlıqla qırdığına görə Misir sultanının da qoşunları Əkka qalasının bütün xristian əhalisini qılıncdan keçirdilər.  

***

  1642-ci ilin 18 may tarixində Şimali Amerikanın hindular yaşayan ərazilərində fransızlar tərəfindən Monreal (Montreal) şəhərinin bünövrəsi qoyuldu. 18-ci əsrin ortalarında ingilislər bu şəhəri alsalar da, bu günədək fransızdilli sakinlər şəhərdə çoxluq təşkil edir.

  Kanadanın Kvebek vilayətinin paytaxtı olan Monreal bütövlükdə Şimali Amerikanın ən iri şəhərlərindəndir.

***

  18 may 1804-cü ildə Napoleon Bonapart Fransa imparatoru elan edildi.

***

  Alman nasistlərinin başçısı Adolf Hitler İtaliyanın müttəfiq qüvvələrə təslim olmasının qarşısını almaq üçün 1943-cü ilin 18 mayında ölkəni işğal etmək üçün əmr verdi.

***

  Stalin rejiminin 1944-cü il 11 may tarixli qərarına görə, 18 maydan Krım türkləri sürgün olunmağa başladı. Qatarlarla Sibir, Ural və Orta Asiyaya göndərilən 194 min Krım türkünün təxminən yarısı sürgündə həyatını itirdi.

***

  1977-ci ildən bəri UNESCO-nun qərarı ilə 18 may Dünya Muzeylər Günü olaraq qeyd edilir.

  Azərbaycan da qədim abidə və muzeylərlə zəngindir. Bakıdakı İçərişəhər kompleksi, Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah, Şəkidəki Xan Sarayı, Naxçıvandakı Mömünə xatun türbəsi və digər abidələr uzun illərdir ki, mütəxəssis və turistlərin ziyarətgahına çevrilib. Təəssüf ki, onlarla Azərbaycan tarixi abidə və muzeyi isə hazırda işğal altındadır.

*** 

  Erməni-rus silahlı qüvvələri Azərbaycan ordusundakı pərakəndəlikdən və intizamsızlıqdan istifadə edərək Şuşanın işğalından 10 gün sonra – 1992-ci il 18 mayda Laçını ələ keçirdilər. Bununla da Ermənistan Dağlıq Qarabağla arasında birbaşa nəqliyyat rabitəsi – dəhliz yaratdı.  

***

18 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Şərqin böyük alimi və şairi Ömər Xəyyam 1048-ci ilin bu günü Nişapurda anadan olub.

  Ömrünü çoxunu Bəlx, Səmərqənd və İsfahanda keçirən, dövrünün görkəmli alimlərindən dərs alan Xəyyam fəlsəfi əsərləri və rubailərində üstüörtülü şəkildə materialist və ateist fikirlərini əks etdirib. Ömər Xəyyam riyaziyyat və məntiqə dair əsərləri ilə də məşhurdur. (1048-1131)

***

  Süleyman Stalski 1869-cu il 18 mayda Dağıstanın Qasımkənd rayonunun Stal kəndində dünyaya gəlib.

  Ləzgi poeziyasının banilərindən olan Dağıstanın xalq şairinin yaradıcılığında zülmə və ədalətsizliyə etiraz əsas yer tutur.   

  S.Stalski 1915-ci ildə Bakı neft mədənlərində işləyib.

  Süleyman Stalskinin folklor ənənələrini əks etdirən “Dağıstan” poeması daha məşhurdur. Şair Azərbaycan dilində də şeirlər yazıb.

  Maksim Qorki Süleyman Stalskini “Əsrin Homeri” adlandırırdı. (1869-1937)

***

  Azərbaycan ixtioloqu Yusif Əbdürrəhmanov 1912-ci ilin bu günü anadan olub. Elmi işləri əsasən Xəzər dənizi və su hövzələrinin balıq təsərrüfatı və faunasının tədqiqilə bağlıdır. (1912-1977)

***

  18 may TRT-nin ilk televiziya xəbər aparıcısı Zafer Cilasunun xatirə günüdür. 37 yaşı vardı. O, 1968-ci il 31 yanvarda oxuduğu 10 dəqiqəlik xəbər bülleteni ilə Türkiyənin televiziya tarixinə ilk türk xəbər aparıcısı olaraq düşüb.

  Zafer Cilasu 1976-cı ilin bu günü 37 yaşında dünyasını dəyişib. (1939-1976)  

Oxşar Xəbərlər