Tarixdə bu gün – 22 iyun

İyn22,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

Türkiyənin Qurtuluş Savaşına başlayacağı bildirən, Mustafa Kamal Paşa və əqidə yoldaşları tərəfindən imzalanan Amasya Bəyanatı 1919-cu ilin 22 iyununda bütün dünyaya elan olundu. Bəyanatda həm də ölkənin bütövlüyü və istiqlaliyyəti üçün Sivasda təşkil ediləcək milli konqresə Türkiyənin hər yerindən nümayəndələr göndərilməsi istənilirdi.

***

  Birinci Dünya Müharibəsindən sonra ordusuz qalan və idarəsi beynəlxalq komissiyaya buraxılan İstanbul və Çanaqqala boğazlarının vəziyyətini müzakirə etmək üçün 22 iyun 1936-cı ildə İsveçrənin Montrö şəhərində Boğazlar Konfransı keçirildi.  

***

  1941-ci il iyunun 22-də Hitler Almaniyası müharibə elan etmədən Sovet İttifaqına hücum etdi və sonralar Stalinin Böyük Vətən Müharibəsi adlandırdığı savaş başlandı. Bütün ölkə alman faşizminə qarşı mübarizəyə qalxdı.

  Dünya müharibələri tarixində ən dəhşətlı savaş olan İkinci Dünya Müharibəsi 1945-ci il mayın 9-da SSRİ-nin qələbəsi ilə sona çatdı. Bu qələbədə Bakı nefti və bütövlükdə Azərbaycan və azərbaycanlılar müstəsna rol oynadı.

*** 

  22 iyun 1964-cü ildə ABŞ Dövlət Departamenti “Conson məktubu” ilə gərilən Türkiyə-ABŞ əlaqələrini yumşaltmaq üçün baş nazir İsmet İnönünü Vaşinqtona dəvət etdi. ABŞ prezidenti Lindon Consonla görüşündə İsmət İnönü Türkiyənin Kipr (Qıbrız) mövzusunda güzəştə getməyəcəyini, ancaq adanın bölünməsinə qarşı olmadıqlarını da bildirdi.

***

  22 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün dünya elmi tarixinə filosof və qüdrətli təbib kimi daxil olan böyük alim Əbu Əli ibn Sinanın xatirə günüdür.

  Təbabətdən astronomiyaya qədər fərqli sahələrdə 240-ı günümüzə qədər gəlib çatan 450 elmi məqalə və dəyərli kitablar müəllifi, müxtəlif dərmanlar hazırlayan İbn Sina həm də ərəb və fars dillərində şeirlər yazıb, “Qəsidat ən-nəfs” – “Can haqqında qəsidə” əsərilə məşhurlaşıb.

  Böyük loğman İbn Sinanın əsərlərindən bu gün də elmin müxtəlif sahələrində mənbə kimi istifadə edilir.   

  İslam aləminin ən məşhur filosoflarından olan İbn Sina İranın Həmədan şəhərində 56 yaşında gözlərini həyata yumub. (980-1037)      

***

  Böyük Azərbaycan alimi, filosof, dilçi və şərqşünas Mirzə Kazım bəy 1802-ci il 22 iyunda dünyaya gəlib.  

  Rus, ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilən Kazım bəy Sankt-Peterburq Universiteti Şərq Dulləri fakültəsinin ilk dekanı olub.

  Mirzə Kazım bəy şərqşünaslıq sahəsindəki xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun “Qafqazda Şeyx Şamil Hərəkatı”, “Azərbaycan tarixi”, “Türk dillərinin qrammatikası” əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. (1802-1870)

***

  Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, xalq artisti, əsl ad-soyadı Murtuza Məmmədov olan Bülbül 1897-ci ilin bu günü Qarabağın mərkəzi Şuşada anadan olub.  

  Bülbül adını ona hələ kiçik yaşlarından gözəl səsinə görə veriblər.

  23 yaşından (1920) ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan, Koroğlu, Qərib, Nizami, Əsgər partiyalarını məharətlə ifa edən Bülbülün təkcə Koroğlusu dünya musiqi sənətinin ən mükəmməl incilərindən sayılır.

  Xalq mahnıları və təsniflərinin də əvəzsiz sənətkarı olan Bülbülün ifasında ilk dəfə Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan”, Asəf Zeynallının “Ölkəm” romansları səslənib. (1897-1961)

***

  Azərbaycan yazıçısı Cəlal Bərgüşad 1924-cü ilin 22 iyununda dünyaya gəlib.  

  24 yaşından (1958) ömrünün sonunadək Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış yazıçı Qaçaq Nəbiyə həsr etdiyi “Boz atın belində”, Babəkin həyatından bəhs edən “Sıyrılmış qılınc” romanları və çəkdiyi müxtəlif məzmunlu televiziya filmlərilə tanınır. (1924-1996)

***

  Azərbaycanın görkəmli türkoloq alimi, professor Fərhad Zeynalov 1929-cu ilin bu günü doğulub.

  “Mahmud Kaşğari və onun Divani-Lüğəti-Türk əsəri”, “Dastani-Əhməd-Hərami ən qədim Azərbaycan abidəsidir”, “Kitabi Dədə Qorqud və dünya şərqşünaslığı”, “Oğuz-Səlcuq abidələri və Azərbaycan dili” kimi onlarla mükəmməl monoqrafiyaların müəllifi olan Fərhad Zeynalov türk dillərinin təsnifatını geniş şəkildə özünün “Türkologiyanın əsasları” adlı fundamental əsərində verib. (1929-1984)

***

  Azərbaycanın tanınmış musiqiçisi Bəhram Nəsibov 1941-ci il 22 iyunda anadan olub.

  Musiqi məktəbini bitirdikdən sonra bir sıra məşhur xanəndələri, o cümlədən, Xan Şuşinskini tarda müşayət edən Bəhram Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra (1982) ömrünün axırınadək Bakı şəhər Orqan Musiqiçiləri Bürosunda solist olaraq çalışıb.

  Bəhram Nəsibov “Şahnaz” və “Vətən” xalq çalğı alətləri ansambllarını yaradıb.

  Əvvəllər adı bəstəkar kimi çəkilməyən görkəmli tarzən həm də onlarla lirik, yaddaqalan və populyar mahnının müəllifidir. Onun mahnıları uzun müddət təsnif və xalq mahnısı kimi təqdim edilib. (1941- 1998)

***

  Bu gün Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan İsmayıl Osmanlının xatirə günüdür.

  Dünya və Azərbaycan dramaturgiyasının səhnədə tamaşaya qoyulan bir çox əsərində istər komik, istərsə də faciə janrında yaddaqalan obrazlar yaradıb, filmlərdə xaraktercə bir-birindən fərqli rolları özünəməxsus ustalıqla ifa edib. (1902-1978)

*** 

  22 iyun Azərbaycan ədəbiyyatına dair bir çox dəyərli tədqiqatların müəllifi, görkəmli xalq şairi Xəlil Rza Ulutürkün xatirə günüdür.  

  Respublikanın milli istiqlal hərəkatının ön sıralarında iştirak edən şair 1990-cı il 20 Yanvar hadisəsindən 3 gün sonra həbs edilərək Moskvanın Lefortovo təcridxanasında saxlanılmışdı.

  Zəlil Rza Ulutürkün əsərləri Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında yer alır. (1932-1994)

Oxşar Xəbərlər