Tarixdə bu gün – 24.06.2021

İyn24,2021

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

Şimali Çin, Orta Asiya, Qafqaz ərazisi və Rusiya torpaqlarını tutduqdan sonra monqol qoşunları 1241-ci ilin 24 iyunundan Karpat dağlarını aşaraq Mərkəzi Avropaya hücum etdilər.

  Polşa və Çexiyada müqavimətlə üzləşmələrinə baxmayaraq monqollar cənub istiqamətində irəlilədilər və Adriatik dənizinin sahillərinə qədər çatdılar. Yalnız Qaraqorumda böyük xan Ugedeyin ölüm xəbərindən sonra monqol qoşunları geri qayıtmağa məcbur oldular.

***  

  1812-ci ilin 24 iyunundan Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Rusiyaya hücum etdi. Təxminən 700 min əsgərdən ibarət Fransa ordusu 3 ay boyu Rusiya ordusunu itələməklə Moskvaya qədər gedib çatdı. Paytaxtı alıb müharibədə qalib gəlsə də, Fransa Rusiyanı əlində saxlaya bilmədi. Çünki Rusiya hücumu Napoleon ordusunun böyük bir hissəsinin itirilməsinə səbəb olmuşdu.  

***

  Azərbaycan Demokratik Respublikası hökumətinin 1918-ci il 24 iyun tarixli qərarına görə, əhali və ordunun zəruri ərzaqla təmin edilməsi məqsədilə Ərzaq Nazirliyinin müvafiq sərəncamı olmadan istər zəruri ərzaq məhsulları, istərsə də ümumiyyətlə, hər hansı yükün Azərbaycanın hüdudlarından kənara çıxarılması qadağan edildi. Bununla da bu dövrdə taxıl, un və bişmiş çörəyin möhtəkirlik məqsədilə alınıb-satılmasına yasaq qoyuldu. 

***

  Sovet xalqının alman faşizmi üzərində qələbəsi münasibətilə 1945-ci il iyunun 24-də paytaxt Moskvanın Qızıl Meydanında qələbə paradı keçirildi. Parada 3 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş marşal Georgi Jukov rəhbərlik edirdi. 

***                                     

  24 iyun 1948-ci ildə Şərqi Berlini işğal edən Sovet Rusiyası ABŞ, İngiltərə və Fransanın nəzarətində olan Qərbi Berlinin xarici dünya ilə bütün yol əlaqələrini kəsdi. Blokadaya qarşı müttəfiqlər də hava dəhlizi yaratdılar, əhalinin qida və digər ehtiyaclarını ödəməyə başladılar.

  Berlin üzərində Sovet blokadası 11 ay davam etdi.

*** 

  1961-ci il 24 iyunda Almaniya Federativ Respublikası ilə Türkiyə arasında ilk əmək müqaviləsi imzalandı. Bu razılaşmaya əsasən, Türkiyədın işçi qrupu Almaniyaya yola düşdü.

  Türkiyədən Almaniyaya ilk dəfə 400 işçi getdi və illər keçdikcə bu say çoxaldı.  

***

24 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın klassik şairi Əbül-Üla Gəncəvi 1092-ci ilin bu günü dünyaya gəlib. 44 yaşında Şirvanşahlar sarayına dəvət olunması ona böyük nüfuz qazandırıb və o, məlik-üş-şüəra adını alıb.

  Qeyd edək ki, digər görkəmli Azərbaycan şairi Xaqanini Şirvanşah Manuçöhrə Əbül-Üla Gəncəvi təqdim edib və ona “Xaqani” təxəllüsünü verib.

  Əbül-Üla Gəncəvinin yalnız bir neçə şeiri dövrümüzə qədər gəlib-çıxıb. (1092-1176)

***                                  

  Azərbaycanlı alim və pedaqoq Əliheydər Həşimov 1921-ci il 24 iyunda anadan olub.

  Bir müddət Qubadlıda müəllimlik edən Ə.Həşimov İkinci Dünya Müharibəsindən sonra təhsilini Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsində başa vurub, namizədlik və doktorlu disertasiyasıları müdafiə edib.

  500-ə qədər elmi məqalə, 20-ədək dərs vəsaiti yazan Əliheydər Həşimov “Çağdaş Azərbaycanın pedaqoq alimləri”, “Pedaqogika”, “Azərbaycan xalq pedaqogikası”, “Pedaqogika tarixi” əsərlərinin həmmüəllflərindən biridir. (1921-1997)

***

  Azərbaycan Milli Azadlıq Hərəkatının lideriAzərbaycan Xalq Cəbhəsinin rəhbəriAzərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub.

  7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirən Əbülfəz 1957-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində oxuyub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Əliyev Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (yanvar 1963 – oktyabr 1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

  1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq kimi azadlıqdan məhrum olunub. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilən Əbülfəz həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb.

  1976-cı ilin dekabrında Ə.Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib.

  Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 1992-1993-cü illərdə Azərbaycan respublikasının prezidenti seçilib.

  Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyədə vəfat edib, Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırılıb.

Oxşar Xəbərlər