Tarixdə bu gün – 26 aprel

1870-ci ilin 26 aprelində Osmanlı dövlətində ibtidai və orta qız məktəblərində dərs keçmək üçün Darülmuallimat, yəni Qız Müəllim Məktəbi açıldı.

***

  1920-ci il aprelin 26-da Azərbaycan Demokratik Respublikası parlamentinin son iclaslarından biri keçirildi.

  İclasda Rusiyanın 11-ci ordusunun Azərbaycan ərazilərinə müdaxiləsi məsələləri müzakirə olundu, qərara alındı ki, bu barədə bəyanat dünyanın bir çox ölkəsinə göndərilsin.

  Təəssüf ki, o vaxt xarici ölkələr həmin müdaxiləyə düzgün qiymət verə bilmədilər. Nəticədə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmalı oldu. 

***

  Bu gün Birləşmiş Tanzaniya Respublikası milli bayramını qeyd edir.

  Şərqi Afrikada, Hind okeanı sahillərində yerləşən bu dövlət 1964-cü il aprelin 26-da Tanqanika ilə Zənzibarın birləşməsindən yaranıb. 

***

  26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə meydana gələn 8 bal gücündə zəlzələdə 36 mindən çox bina dağıldı, 300 min adam evsiz qaldı.

***

  1986-cı ilin bu günü Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu hadisə bəşəriyyət tarixində ən iri texnogen fəlakətlərdən sayılır.  

  81 adamın öldüyü, 135 min insan təxliyə edildiyi Çernobılda hadisə zamanı yaranan radioaktiv buludlardan təxminən 7 milyon insan da zərər çəkdi.

  Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin bir çoxu bu vaxta qədər müalicəni davam etdirir. Onların arasında Azərbaycan vətəndaşları da var. 

  Onu da qeyd edək ki, Çernobıl faciəsinin ildönümündə isə virtual piratların kompüterləri kilidləməsindən 300 min kompüter təsirləndi, virusun şirkətə vurduğu ziyan təxminən 100 milyard dollar oldu.

  Partlayışdan sonra yayılan radiasiya buludları Skandinaviya ölkələri, Şərqi Avropa və Qara dəniz ölkələri, o cümlədən  Türkiyəyə təsir etdi.

***

  26 aprel 1994-cü ildə Cənubi Afrikada 22 milyon seçicinin səs verdiyi seçkini Nelson Mandela qazanaraq ölkənin ilk qara dərili prezidenti oldu.

***

  1995-ci ildən başlayaraq UNESCO-nun təşəbbüsü ilə hər il 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur.

  Əqli Mülkiyyətin Ümumdünya Təşkilatının yaradılması və Əqli Mülkiyyətin Qorunması ilə bağlı beynəlxalq konvensiya ilk dəfə 1967-ci ildə imzalanıb.

*** 

  26 aprel 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında imzalanan müqavilə ilə Şanxay Əməkdaşlıq Təşkilatı quruldu.

***

26 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli ingilis yazıçısı Daniel Defo (Daniel Defoe) 1731-ci ilin bu günü 71 yaşında dünyasını dəyişib.

  Ədəbi fəaliyyətə publisist kimi başlayan, yazılarında söz və din azadlığını müdafiə edən Defoya dünya şöhrətini “Robinzon Kruzo” (1719) macəra romanı gətirib. (1660-1731)

***

  Məşhur fransız rəssamı Ferdinand Viktor Ejen Delakrua (Ferdinand Victor Eugène Delacroix) 1798-ci ilin 26 aprelində anadan olub.

  Boyakarlıqla romantizmin görkəmli nümayəndəsi kimi tanınan rəssam 1832-ci ildə Əlcəzair və Mərakeşə səyahətdən qayıtdıqdan sonra Şərqə həsr olunmuş tablolar çəkməyə başlayıb.  

  Delakruanın yaradıcılığı 19-cu əsr rəssamlıq sənətinin zirvələrindən biridir. (1798-1863)

***

  26 aprel 1936-cı ildə “Sərgüzəşt” adlı məşhur romanın və Türkiyə ədəbiyyatının ilk realist roman janrının müəllifi Samipaşazade Sezai 77 yaşında dünyasını dəyişib. (1859-1936)

QİA.az

Oxşar Xəbərlər