Tarixdə bu gün – 27 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

Yaponiyaya qarşı müharibədə bir çox gəminin itməsi və Rusiyada get-gedə artan iqtisadi problemlər 1905-ci ilin 27 iyununda “Potyomkin” zirehli gəmisində rus əsgərlərinin çara qarşı qiyamına səbəb oldu. Digər hərbi hissələrə sıçrayan üsyan qısa müddətdə çar əsgərləri tərəfindən yatırıldı. Bundan sonra gəminin matroslarının bir hissəsi Azərbaycana göndərildi və Zaqataladakı köhnə qalada həbsdə saxlanıldı.

  “Azərbaycanfilm” kinostudiyası onların taleyinin bir qismini “Yenilməz batalyon” filmində əks etdirib.

***

  Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 27 iyun 1918-ci il qərarı ilə Azərbaycan türkcəsi dövlət dili elan olundu.  

***

  Azərbaycan Demokratik Cümhuriyyətinin yenicə yaradılmış milli ordusu 1918-ci ilin bu günü Göyçayda xalq komissarları sovetinin qoşunları ilə döyüşə başladı. Bu savaşda milli ordu əsasən erməni daşnaklarından və rus menşeviklərindən ibarət sovetlərin qoşunlarını darmadağın etdi.  

*** 

  1950-ci il 27 iyunda dünyanın ilk atom elektrik stansiyası Moskvanın 110 kilometr məsafəsindəki Obninskdə fəaliyyətə başladı. Tikinti işlərinin çox gizli getdiyi nüvə stansiyası istismara verildikdən və elektrik istehsalına başladıqdan sonra radio ilə bütün dünyaya elan olundu.    

***

  27 İyun Dünya Balıqçılıq Günüdür. Bu gün 1984-cü ilin iyulunda Romada keçirilən “Balıq ovunun nizamlanması və ovu”na dair beynəlxalq konfransda təyin edilib.

*** 

  1998-ci ilin 27 iyununda Türkiyənin dördüncü böyük şəhəri olan Adana güclü zəlzələ ilə sarsıldı. 210 nəfərin həyatını itirdiyi bu zəlzələdə 400 ev tamamilə yerlə bir oldu, 300-ə qədər ev isə ağır zədələndi.

***  

27 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın tanınmış maarif xadimi Əli Qəmərlinski 1896-cı ilin bu günü anadan olub. Qori Müəllimlər Seminariyasını bitirən kimi (1916) müəllimlik fəaliyyətinə başlayıb.

  1919-cu ildə Gəncəyə köçən Əli Qəmərlinski ömrünün sonunadək, yəni 40 ildən artıq orada xalq maarifinin müxtəlif sahələrində səmərəli pedaqoji fəaliyyət göstərib. (1896-1956)

***

  Azərbaycanın görkəmli səhnə ustası, xalq artisti Məlik Dadaşov 1924-cü il 27 iyunda Bakıda dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib.

  İkinci Dünya Müharibəsindən qayıdandan sonra Azərbaycan və dünya dramaturqlarının əsərlərində, teatr və filmlərdə onlarca yaddaqalan obrazlar yaradıb. (1924-1996)

***

  27 iyun Azərbaycanın tanınmış pianoçusu, pedaqoq və xalq artisti Kövkəb Səfərəliyevanın xatirə günüdür. O, fortepiano üçün bir sıra tədris-metodik məcmuələrin müəllifidir. (1907-1985)

Oxşar Xəbərlər