Tarixdə bu gün – 28 aprel

Apr28,2021

1920-ci il 28 apreldə Azərbaycan sovet respublikası elan olunub və bununla da cəmi 23 ay ömür sürən Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradılıb.

  Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra demokratik cümhuriyyətin görkəmli nümayəndələri təqiblərə məruz qalıb, onlardan bir neçəsi mühacirət etməyə məcbur olub, qalanları isə ya sürgün edilib, ya da qətlə yetirilib. 

***

  1877-ci ildə yaradılan və yarandığı gündən bütün müharibə və fəlakətlərdə yardıma tələsən Türkiyənin Hilali-Ahmer Cəmiyyətinin adı 1935-ci ilin 28 aprelində Qırmızı Aypara olaraq dəyişdirilib.

***

  Tikintisi başa çatmış Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə verildi. Sonradan Samur-Abşeron adlanan bu kanal Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri sayılır. Kanaldan hal-hazırda da geniş istifadə olunur.

***

  28 aprel 1945-ci ildə İtaliyanın faşist diktatoru Benito Mussolini həyat yoldaşı Klara Petacci (Clara Petacci) ilə birlikdə inqilabçılar tərəfindən güllələndi. Mussolininin cəsədi Milano şəhərində bir benzin stansiyasında ayaqlarından asılaraq ifşa edildi.

  Bir gün sonra İtaliya dövləti və müttəfiq qüvvələrə qarşı İtaliyada vuruşan Almaniya ordusu qeyd-şərtsiz təslim oldu. Bununla da II Dünya Müharibəsinin İtaliya Cəbhəsi bağlandı.

***

  1978-ci il 27 aprel Əfqanıstan dövlət çevrilişindən bir gün sonra – 28 apreldə prezident Məhəmməd Davud Xan güllələnərək öldürüldü.

***

  Türkiyə və xaricindəki diplomatlara qarşı təcavüzlərilə tanınan ASALA erməni terror təşkilatının qurucusu, Akop Akopyan adı ilə tanınan Harutün Tokaşyan Yunanıstanın paytaxtı Afinada 1988-ci ilin 28 aprelində naməlum iki nəfər tərəfindən qətlə yetirildi.

***

  Amerikalı mühəndis və milyonçu Dennis Tito 28 aprel 2001-ci ildə “Soyuz TM-32” missiyasında iştirak edərək öz puluyla fəzaya çıxan ilk kosmos turisti oldu. D.Tito 8 gün kosmosda qaldı.

***

  Beynəlxalq Əmək Təşkilatının qərarı ilə 2003-cü ildən bütün dünyada 28 aprel Əməyin Mühafizəsi Günü kimi qeyd edilir.

***

28 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycanın görkəmli tarzəni Hacı Məmmədov 1920-ci ilin bu günü dünyaya gəlib.

  İnstrumental musiqi sənətində özünəməxsus dəst-xəttilə seçilən, muğamların mahir ifaçısı olan sənətkar Qərb bəstəkarlarının əsərlərini repertuarına ilk dəfə daxil edən Azərbaycan tarzəni olaraq tanınır. (1920-1981)

***

  1923-cü ilin 28 aprelində görkəmli Azərbaycan oftalmoloqu, akademik Zərifə Əliyeva anadan olub.

  Z.Əliyeva əsasən kimya və elektrotexnika istehsalı sahəsində çalışanların peşəsilə əlaqədar göz xəstəliklərinin öyrənilməsi, profilaktika və müalicə üsullarını tədqiq edib. (1923-1985)

***

  Tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyev 1924-cü ilin bu günü dünyaya gəlib. 

  İxtisasca hüquqşünas olan Ə.Tağıyev respublika prokurorluğu ssitemində müxtəlif yüksək vəzifələrdə çalışıb.

  Ələkbər Tağıyevin bəstələdiyi mahnılar elə ilk günlərdən musiqisevərlərin böyük rəğbətini qazanıb, nəinki Azərbaycan, dünya ölkələri müğənnilərinin də ifasında səslənib və bu gün də səslənməkdədir. (1924-1981)

***

  Azərbaycanın tanınmış dilçi alimi, türkoloq Zərifə Budaqova 1929-cu ilin 28 aprelində anadan olub.

  Z.Budaqova müasir Azərbaycan dilinin morfologiya, sintaksis, üslub, tədris, eləcə də türkologiyanın aktual problemlərilə bağlı qiymətli əsərlərin müəllifidir. (1929-1989)

QİA.az

Oxşar Xəbərlər