Tarixdə bu gün – 3 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Eramıızn 429-cu ilində Vandal german qəbilələrinin kralı Geyzerix öz qoşunları ilə Şimali Afrikaya keçərək orada öz dövlətini qurdu. Bundan 26 il sonra – 455-ci ildə yenidən daha böyük qoşun toplayaraq Aralıq dənizindən keçdi və Romanı işğal etdi.

  Qərbi Roma imperiyasında növbəti hakimiyyət böhranı vandallara ciddi müqavimət göstərməyə imkan vermədi. Roma papası I Lev yalnız Geyzerixdən əhalini qılıncdan keçirməməyi və şəhəri yandırmamağı xahiş etdi. Buna baxmayaraq 15 gün ərzində Romada dəhşətli talanlar törədildi, mədəniyyət abidələri darmadağın edildi. Vandalizm ifadəsi ilk dəfə o zaman yarandı.

  Müasir dövrdə erməni təcavüzkarları daha eybəcər vandalizm üsullarını işğal etdikləri Azərbaycan ərazilərində törətməkdədir.  

***

  1785-ci il 3 iyunda fransız konstruktoru Fransua Blanşar Londonda öz ixtirasını – hava şarından tullanmaq üçün paraşütü nümayiş etdirdi. Lakin Blanşar özü ixtirasını şəxsən sınaqdan keçirməyə cəsarət etmədi, bu şərəfi pişiyinə həvalə etdi. Həmin pişiyi 300 metr hündürlüyə qalxan aerostatdan paraşütlə atdılar və o sağ-salamat yerə endi.

  F.Blanaşar bu eksperimenti bir il sonra Hamburqda həyata keçirdi. Bu dəfə paraşütçü rolunda qoyun oldu.

  Paraşütdən tullanan ilk insan isə Andre Jak Qarneren oldu ki, 1797-ci ildə bu cəsur addımı atdı.

***  

  İkinci Dünya Müharibəsi zamanı – 1942-ci ilin 3 iyun tarixində Amerika Birləşmiş Ştatları və Yaponiya arasındakı müharibənin taleyini təyin edən Midvay dəniz döyüşü başladı. Dörd günlük müharibədən sonra Yaponiya 4 təyyarə daşıyıcısı və 332 təyyarəsini itirdi. Bununla ABŞ yaponların Sakit Okeanda irəliləməsinin qarşısını aldı.  

***

3 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Böyük rus təbiətşünası Kliment Timirzayev 1843-cü ilin bu günü anadan olub. O, Rusiya bitki fizioloqları elmi məktəbinin banisidir. Bitki fiziologiyası sahəsində fotosintezi tədqiq edən alim botanika, zoologiya və fiziologiyaya dair bir çox əsərin müəllifidir.

  Kliment Timirzayevin elmi irsi bu gün də təbiətşünaslıqda qiymətli mənbə sayılır. (1843-1920)

***

  3 iyun məşhur Avstriya yazıçısı Frans Kafkanın xatirə günüdür.  

  F.Kafkanın XX əsr modernist ədəbiyyatı üçün səciyyəvi olan yaradıcılıq üslubu Friş, Kamyu, Bekket və digər yazıçılara güclü təsir göstərib. (1883-1924)

***

  Tanınmış kinematoqraf, SSRİ Xalq artisti Sergey Gerasimov 1906-cı ilin bu günü dünyaya gəlib. Onun “Sakit Don” bədii filmi dünya kinematoqrafiyasının qızıl fonduna daxil olub. (1906-1989)

***

  3 iyun Azərbaycanın görkəmli alimi Firudin Köçərlinin xatirə günüdür.

  F.Köçərlinin tədqiqatları Azərbaycanda fəlsəfi və ictimai fikir tarixietika və estetika məsələlərilə bağlıdır. Onun elmi yaradıcılığında Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və Azərbaycanın digər görkəmli mütəfəkkirlərinin həyat və fəaliyyəti mühüm yer tutur. (1920-2005)

***

  Bu gün məşhur fransız bəstəkarı Jorj Bizenin xatirə günüdür.

  Bizenin yaradıcılığı fransız klassik musiqisinin ən gözəl ənənələri, milli folklor intonasiyaları ilə bağlıdır. Ona dünya şöhrətini 1874-cü ildə yazdığı “Karmen” operası gətirib. (1838-1875)

***

  3 iyun böyük türk şairi Nazim Hikmətin xatirə günüdür.  

  Türkiyə inqilabi poeziyasının banisi olan Nazim Hikmətin yaradıcılığı bütövlükdə XX əsr dünya ədəbiyyatının inkişafına təsir göstərib. Cəsarətli fikir və ideyalarına görə o, dəfələrlə sürgündə olub.

  Şairin Azərbaycan və Bakı ilə bağlı xatirələri şeir və poemalarında əksini tapıb.

  Nazım Hikmət Ran 1961-ci ilin bu günü 61 yaşında Moskvada dünyasını dəyişib. (1902-1963)

***

  İranda Pəhləvi şah rejiminə son qoyan dini rəhbər Ayətullah Xumeyni 1989-cu ilin 3 iyununda 87 yaşında ölüb.

***

  2016-cı il 3 iyunda boksun unudulmaz adı olan Məhəmməd Əli 74 yaşında vəfat edib.

  Professional boks həyatı böyu bütün qarşılaşmalarda cəmi 5 dəfə məğlub olan Məhəmməd Əli bütün dövrlərin ən yaxşı boksçusu hesab olunur.

Oxşar Xəbərlər