Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
7 may radionun yaranma günüdür.
1895-ci il mayın 7-də rus fiziki və elektrotexniki Aleksandr Popovun ixtira etdiyi, məftilsiz siqnal sistemi üçün yararlı, həssas və etibarlı qəbuledici Rusiyanın Fizika-Kimya Cəmiyyətinin iclasında nümayiş olundu.
***
7 may 1915-ci ildə İngiltərənin transatlantik “Lusitania” gəmisi Birinci Dünya Müharibəsi zamanı Atlantik okeanında İrlandiya sahillərində Almaniyanın sualtı gəmisi tərəfindən batırıldı. 18 dəqiqə içində batan gəmidə 1198 nəfər həyatını itirdi.
Ölən sərnişinlərdən 128-i Amerika vətəndaşı olduğu üçün Lusitania hücumu ABŞ-ın I Dünya Müharibəsinə girməsinə bəhanə oldu.
***
1921-ci ilin 7 mayında Türkiyə Müəllimə və Müəllim Cəmiyyətləri İttifaqı yaradıldı.
***
Adolf Hitlerin ölümündən sonra 7 may 1945-ci ildə alman generalı Alfred Jodl Almaniyanın qeyd-şərtsiz təslim olması ilə bağlı sənədi imzaladı. Ölkənin Baş Qərargah rəisi marşal Von Keitel də bir gün sonra Sovet Ordu komandiri general Jukova təslim olunca Avropa qitəsində İkinci Dünya Müharibəsi sona çatdı.
***
1990-cı ilin 7 may tarixində Türkiyədə ilk özəl televiziya kanalı test yayımlarına başladı.
***
7 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1943-cü ilin bu günü Türkiyə Cümhuriyyətini quran qabaqcıl kadrlar arasında özünəməxsus yer tutan, baş nazir və məclis sədri vəzifələrini daşımış siyasi xadim Fethi Okyar dünyasını dəyişib. (1880-1943)
***
Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-cı il mayın 7-də anadan olub.
Məşhur “Sonalar gölü” (Qu gölü) baletinin müəllifi olan Çaykovskinin “Orlean qızı”, “Mazepa”, “Yatmış gözəl” və “Şelkunçik” baletləri də dünya şöhrəti qazanıb və teatrların repertuarında mühüm yer tutur.
Bəstəkarın “Fortepiano və orkestr üçün konsert”i ifaçıların ustalığınının artırılması baxımından çox qiymətli əsər sayılır. (1840-1893)
***
Böyük hind yazıçısı, Nobel mükafatı laureatı Rabindranat Taqor 1861-ci ilin bu günü dünyaya gəlib.
Kəlküttə və London universitetlərini bitirdikdən sonra Taqor fəal yaradıcılığa başlayıb. Onun “Axşam mahnıları” adlı ilk şeirlər kitabında vəhtədi-vücud ideyaları öz əksini tapıb.
Ümumiyyətlə, Rabirdranat Taqorun əsərlərində milli istiqlal uğrunda mübarizəyə güclü çağırış hiss olunur.
Romanları dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib və geniş yayılıb. (1861-1941)
***
Tanınmış Azərbaycan rəssamı, satirik qrafika və illüstrasiya ustası Əzim Əzimzadə 7 may 1880-ci ildə doğulub.
1906-cı ildən “Molla Nəsrəddin”, 1910-cu ildən isə Bakıda çıxan digər satirik jurnallara karikatura və yumorisrik rəsmlər çəkib.
Əzim Əzimzadənin Sabirin “Hophopnamə”sinə illüstrasiyaları onun ən yüksək sənət nümunələridir.
İkinci Dünya Müharibəsi dövründə rəssam siyasi plakat janrında da yaddaqalan əsərlər yaradıb. (1880-1943)