Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?
1783-cü ilin 8 iyunundan Avropanın ən aktiv vulkanlarından olan İslandiyadakı Laki vulkanı 8 ay boyu lava püskürdü. Atmosferə milyonlarla ton zəhərli qaz buraxması nəticəsində bu aylar ərzində İslandiyada təxminən 9 min adam həyatını itirdi. Avropa qitəsinə yayılan qaz buludları əkinçilik istehsalına da təsir etdi və bir çox ölkədə aclıq yaratdı.
***
1883-cü il 8 iyunda Fransanın Tunis üzərində protektoratını hüquqi cəhətdən təsdiq edən La-Marsk konvensiyası imzalandı. Bundan sonra ölkədə nominal monarxiya üsul-idarəsi saxlanılsa da, faktiki hakimiyyət Fransa baş rezidentinin əlinə keçdi. Sonrakı 78 il ərzində Tunisdə Milli Azadlıq Hərəkatı ara vermədi. Yalnız 1956-cı ilin martında Fransa Tunisin müstəqilliyini tanıdı.
***
1908-ci il iyunun 8-də Azərbaycan dilində ictimai-siyasi, iqtisadi, ədəbi “Tərəqqi” qəzetinin ilk nömrəsi çapdan çıxdı.
Bakıda nəşr edilən bu qəzetin redaktoru və naşiri Əhməd bəy Ağayev idi. “İrşad”ın davamı olan “Tərəqqi” ideyaca türkçülüyü təbliğ edən milli ruhda bir qəzet idi.
“Tərəqqi”nin nəşrində Firudin bəy Köçərli, Ömər bəy Nemanzadə, Üzeyir Hacıbəyov, Məhəmməd Hadi və başqaları iştirak ediblər.
Bir sıra maliyyə çətinliklərinə görə “Tərəqqi” qəzeti cəmi 434 nömrədən sonra – 1909-cu il oktyabrın 6-da bağlanıb.
***
1928-ci ildə aviasiya tarixində ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarından Avstraliyaya uçuş başa çatdı.
Heyəti iki avstraliyalı və iki amerikalı təyyarəçidən ibarət üçmotorlu “Fokker” təyyarəsi mayın 31-də Kaliforniya ştatındakı Oklend şəhərindən havaya qalxaraq iyunun 8-də Avstraliyanın Brisben şəhərinə endi.
***
8 iyun 1936-cı ildə Türkiyədə iş, işçi və işə götürən əlaqələrini tənzimləyən ilk əhatəli “İş qanunu” Türkiyə Böyük Millət Məclisində qəbul edildi.
***
1958-ci ilin 8 iyun tarixində İstanbulun Bəyazid meydanında Qıbrızda- şimali Kiprdə yaşayan türklərin haqqlarını qorumaq, onlara qarşı təzyiqlərə etiraz bildirmək üçün 300 min adamın iştirakı ilə “Ya bölün, ya ölüm” şüarı ilə tarixi bir mitinq keçirildi.
***
8 iyun 2010-cu ildə İzmir və qəsəbələrində təşkilatlanan qadın cütçülər Türkiyənin ilk “Qadın cütçülər güc birliyi”ni yaratdı.
***
8 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
İslamiyyətin qurucusu, müsəlmanların peyğəmbəri Həzrəti Məhəmməd 632-ci ilin bu günü 61 yaşında Mədinədə həyata gözlərini yumub. Cənazəsi Məscidi-Nəbəvidə torpağa verilib. (570-632)
***
Böyük Hollandiya fiziki və təbiətşünası Xristian Hügens (Christiaan Huygens) 1629-cu il 8 iyunda 36 yaşında dünyasının dəyişib.
О, hələ 22 yaşında “Hiperbola, ellips və dairənin kvadratı haqqında” mühazirələrini dərc etdirib, 25 yaşında teleskop yaradıb, dairənin həcmi haqqında kəşflərini yayınlayıb, 26 yaşında isə dioptrika barədə qeydlərini yazıb. Bu əsər elm tarixində nisbilik nəzəriyyəsi haqqında ilk tədqiqat sayılır.
Saturnun ətrafındakı dairələrin və onun peyklərindən biri olan Titanın kəşfi, eləcə də Orion bürcündə dumanlıqların təsviri, Marsda sutkanın uzunluğunun müəyyən edilməsi də Hügensin adı ilə bağlıdır. (1629-1695)
***
Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur el sənətkarı aşıq Alı 1800-cü il iyunun 8-də Göyçədə dünyaya gəlib.
Aşıq Alı şifahi xalq ədəbiyyatında daha çox ustadnamələrilə məşhurdur. Qoşma, gəraylı, təcnis, müxəmməs və başqa formalarda yazdığı şeirlərdə vətən sevgisi, insanpərvərlik motivləri, məhəbbət və gözəlliyin tərənnümü əsas yer tutur.
Aşıq Alı həm də aşıq Ələsgərin ustadı kimi tanınır. (1800-1901)
***
Alman bəstəkarı, XIX əsr musiqisində romantizmin görkəmli nümayəndəsi Robert Şuman (Robert Schuman) 1810-cu ilin bu günü anadan olub.
24 yaşında (1834) “Yeni musiqi jurnalı” təsis edən, Şibert və Veberin davamçısı olan Şuman musiqi dünyasının novator bəstəkarlarından sayılır. (1810-1856)
***
8 iyun əsl adı Amandina Avrora Lüsil Düpen olan, amma kişi imzası ilə yazan, romantizmin görkəmli nümayəndəsi Jorj Sandın xatirə günüdür.
O, nənəsinin Noandakı malikanəsində böyüyüb, erkən ərə verilib, 27 yaşında (1831) ərindən ayrılaraq Parisə gəlib. Burada dövrünün bir sıra görkəmli şəxsiyyətləri olan Viktor Hüqo, Onore de Balzak, Frederik Şopen, Ferents List və başqaları ilə tanış olub.
Jorj Sandın “İndiana”, “Valentina”, “Leliya”, “Konsuelo”, “Cənab Antoanın günahı”, “Qar adam”, “Oras” və başqa romanları ona böyük şöhrət qazandırıb.
Jorj Sand öz publisitikasında sol respublikaçılar və utopik sosialistlərin mövqeyini müdafiə edib. (1804-1876)
***
1985-ci ilin 8 iyununda Mustafa Kamal Atatürkün mənəvi qızı, cümhuriyyətin ilk tarix professorlarından olan Afət İnan 77 yaşında dünyasını dəyişib. (1908-1985)
***
Ehtiyaclar İyerarxiyası Nəzəriyyəsi ilə tanınan amerikalı psixologiya professoru Abraham Harold Maslov 1970-ci ilin bu günü 62 yaşında vəfat edib. (1908-1970)