Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?
Miladi təqvimilə 68-ci il 9 iyun tarixində hərbi çevrilişlə devrilən Roma imperatoru Neron edam olunmamaq üçün intihar etdi.
***
Osmanlı sultanı I Əhmədin tapşırığı ilə memar Sedefkar Mehmet Ağa tərəfindən tikilən və inşası 7 il sürən Sultan Əhməd məscidi (Sultanahmet Camii) 1617-ci il iyunun 9-dan ibadətə açıldı.
***
ABŞ prezidenti Consonun Türkiyənin Qıbrıza – şimali Kiprə hərbi müdaxiləsində NATO silahlarını istifadə edə bilməyəcəyinə dair məktubuna dövrün baş naziri İsmət İnönü 1964-cü ilin 9 iyun tarixində rəsmi cavabını göndərdi. Cavab məktubunda Türkiyənin Kiprə hərbi əməliyyat qərarının təxirə salındığı bildirilirdi. Daha sonra bir Amerika jurnalına müsahibəsində İsmət İnönü “Yeni şərtlərdə yeni bir dünya qurular və Türkiyə də bu dünyada öz yerini tutar” sözləriylə Qıbrız türklərinin haqqlarından vaz keçilməyəcəyini vurğuladı.
***
1977-ci il 9 iyunda Türkiyənin Vatikandakı səfiri Taha Carım Romada uğradığı silahlı hücum nəticəsində həyatını itirdi. Hücumu “Erməni Soyqırımı” və “Erməni Jenosit” təşkilatları boyunlarına götürdülər. Düz 4 il sonra eyni gündə bu dəfə Türkiyənin Cenevrədəki Baş Konsulluğunun işçisi Mehmet Savaş Yergüz erməni terror təşkilatı ASALA tərəfindən öldürüldü.
***
9 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Rusiya tarixində əvəzsiz rol oynayan Birinci Pyotr 1672-ci ilin bu günü anadan olub. O, daha çox islahatçı dövlət başçısı kimi tarixə düşüb. Rusiya Dumasının, yəni parlamentinin yaradılması da Birinci Pyotrun adı ilə bağlıdır. (1672-1725)
***
Müasir ingilis ədəbiyyatının böyük yazıçısı Çarlz Dikkens (Charles Dickens) 1870-ci ilin 9 iyununda 58 yaşında dünyasını dəyişib.
İngilis ədəbiyyatında realist sosial roman janrının görkəmli nümayəndəsi olan Dikkens dünya ədəbiyyatında sənaye inqilabı və kapitalizmin səbəb olduğu ictimai bərabərsizlik, yoxsulluq və səfalət mövzularını qabartması, dramatik süjet, incə psixoloji təhlil, geniş ictimai tipikləşdirmə, satira və yumoru ilə tanınır. O, “Pikvik klubunun qeydləri” romanında yaşadığı cəmiyyətin dırnaqarası əxlaq normalarını satira hədəfinə çevirib.
Çarlz Dikkensə dünya şöhrətini “Devid Kopperfild”, “Oliver Tvistin macəraları”, “Böyük ümidlər”, “Bizim ümumi dostumuz” əsərləri gətirib. (1812-1870)
***
Azərbaycanın tanınmış kimyaçılarından olan Əlihüseyn Quliyev 1929-cu ilin bu günü anadan olub.
Fiziki-kimya sahəsində yeni istiqamət və elmi məktəb yaratmış görkəmli Azərbaycan alimi yarımkeçirici kristalların alınması, təmzilənməsi, onlara aşqar vurulması, yeni yarımkeçirici fazaların tədqiqi ilə bağlı mühüm elmi kəşflər edib. (1929-1999)
***
9 iyun dünyaşöhrətli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirə günüdür.
Zəngin çalarlı, lirik tenor səsə malik müğənni Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir.
Azərbaycan xalq və bəstəkar mahnılarının dünya ölkələrində populyarlaşmasında Rəşid Behbudovun böyük xidmətləri olub. (1915-1989)